Fransada kondisioner üstündə DAVA-VİDEO
Fransanın Şambrey-le-Tur şəhərində yerləşən mağazalardan birində kondisioner almaq istəyən alıcılar arasında kütləvi dava baş verib. Hadisə nəticəsində azı üç nəfər xəsarət alıb.
Ajans.az xarici mediaya istinadən xəbr verir ki, rekord isti hava şəraiti fonunda kondisionerlərə tələbat kəskin artıb. Alıcılar cihaz əldə etmək üçün bir-birini itələyib, yıxıb və növbədə qarşıdurma yaradıblar.
Hazırda Avropanın bir sıra ölkələrində kondisionerlərin quraşdırılması müxtəlif məhdudiyyətlərlə müşayiət olunur. Məsələn, İsveçrədə bunun üçün xüsusi icazə tələb edilir. İspaniya və İtaliyada dövlət qurumları binaların 27 dərəcədən aşağı soyudulmasına məhdudiyyət tətbiq edib. Almaniyada isə bəzi dövlət müəssisələrində enerji qənaəti və ekoloji siyasət səbəbindən iqlim nəzarət sistemlərinin istifadəsi məhdudlaşdırılıb.
Mütəxəssislərin məlumatına görə, Avropadakı binaların yalnız təxminən 20 faizi kondisioner sistemi ilə təchiz olunub.
Fransada vəziyyət xüsusilə çətin qiymətləndirilir. Bir çox yaşayış binasının damı tarixi irs statusu daşıyan sink örtüklə inşa edildiyindən, binalar yay aylarında daha çox qızır və onların yenidən qurulması məhdudlaşdırılır.
Güclü istilərlə əlaqədar ölkə hakimiyyəti bir sıra turizm obyektlərinin iş saatlarını qısaldıb. Bundan əlavə, bazar ertəsinə qədər lisenziyalı restoran və barlar istisna olmaqla, spirtli içkilərin satışı müvəqqəti dayandırılıb.