Reklam resmi
Reklam resmi

Bu pişik Dünya Kubokunda oyunların nəticəsini düzgün proqnozlaşdırıb

Bu pişik Dünya Kubokunda oyunların nəticəsini düzgün proqnozlaşdırıb
Dünya

Bir yaşlı Britaniya qısa tüklü pişiyi Billi 2026-cı il Dünya Kuboku zamanı qeyri-adi bacarığı ilə sosial şəbəkələrdə məşhurlaşıb. O, turnirdə indiyədək keçirilən 19 matçın qalibini düzgün proqnozlaşdıraraq diqqət mərkəzinə düşüb.

Ajans.az xəbər verir ki, Billinin sahibləri – 33 yaşlı Linka Lin və 35 yaşlı Mark Kelli – ev heyvanlarının bu uğurundan olduqca məmnun olduqlarını bildiriblər.

İrlandiyanın Daun qraflığının Nyuri şəhərində yaşayan ailə hər oyundan əvvəl iştirakçı komandaların bayraqlarını Billinin qarşısına qoyur. Pişik isə pəncəsi ilə bayraqlardan birinə toxunaraq qalib gələcəyini düşündüyü komandanı seçir.

Son olaraq Billi Argentina millisinin Avstriya üzərində qələbəsini dəqiq proqnozlaşdırıb və bununla da uğurlu seriyasını davam etdirib.

Linka Lin bildirib ki, pişiyi üç aylıq olarkən heyvan sığınacağından götürüb. Burnundakı ürəyə bənzər ləkəyə görə ona “Ürəkburun Billi” ləqəbi verilib.

“Biz dərhal onun çox ağıllı olduğunu başa düşdük. O, istəklərini müxtəlif miyovlama səsləri və davranışları ilə ifadə edir. Əvvəlcə sadə seçim oyunları ilə başladıq, sonra isə Dünya Kuboku zamanı bayraqlarla təcrübə aparmağa qərar verdik. Videoların bu qədər populyar olacağını gözləmirdik”, – deyə Linka qeyd edib.

Onun sözlərinə görə, Billi bəzi hallarda seçimini dərhal edir, bəzən isə uzun müddət “düşünür”. Hətta bir dəfə otağa girən milçək proqnoz prosesini yarımçıq qoyub.

Sosial şəbəkə istifadəçiləri Billinin proqnozlarını maraqla izləyirlər. Videoların altında azarkeşlər arasında zarafatlı müzakirələr aparılır, lakin ümumi ab-hava müsbət olaraq qalır.

Hazırda “ekstrasens pişik”in minlərlə izləyicisi var və onun növbəti matçlarla bağlı proqnozları böyük maraq doğurur.

author picture
Leyla Bayandurlu
Mövzular:
Britaniya 2026-cı il Dünya Kuboku pişik

Digər Xəbərlər