Bu ölkədə tarixin ən böyük narkotik əməliyyatı-2,7 ton kokain ələ keçirildi
Avstraliya polisi Sidney şəhərinin qərbində yerləşən yeraltı bunker sistemindən 2,7 ton kokain müsadirə edib.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, bu, ölkə tarixində həyata keçirilən ən böyük narkotik əməliyyatlarından biri hesab olunur.
Məlumata əsasən, qara bazar dəyəri təxminən 816 milyon Avstraliya dolları (500 milyon avro) olan kokain Londonderri qəsəbəsində yerləşən evin ərazisindəki üç yük konteynerinin döşəmələri altında gizlədilmiş xüsusi bölmələrdə aşkar edilib.
Əməliyyat zamanı 21 və 25 yaşlı iki nəfər saxlanılıb. Onlar sərhəddən qanunsuz yolla ölkəyə gətirilmiş iri həcmdə nəzarət olunan narkotik maddə saxlamaqda ittiham olunurlar.
İstintaqın məlumatına görə, kokain mütəşəkkil cinayətkar qrupun sifarişi ilə Şimali Kvinslenddə yerləşən kiçik Midge Point qəsəbəsi vasitəsilə Avstraliyaya qaçaqmalçılıq yolu ilə gətirilib.
Şənbə günü keçirilən məhkəmə iclasından sonra hər iki şübhəli barəsində həbs qətimkan tədbiri seçilib. Təqsirləri sübuta yetirilərsə, onları ömürlük həbs cəzası gözləyir.
Polisin bildirdiyinə görə, əməliyyat may ayında Midge Pointdəki qayıq körpüsü yaxınlığında suda üzən 40 kiloqram kokainin aşkar edilməsindən sonra başlanılan "Minjiang" əməliyyatının tərkib hissəsidir.
Keçən həftə aparılan istintaq çərçivəsində Kvinslend və Yeni Cənubi Uels ştatlarında daha altı nəfər saxlanılıb və onlara qarşı ittiham irəli sürülüb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, qaçaqmalçılıq sxemində istifadə olunduğu ehtimal edilən "ana gəmi" də Solomon adalarında müsadirə olunub.
Araşdırma davam edir.