İspaniya Baş nazirin ailəsi ətrafında qalmaqal dərinləşir
İspaniyada hakim Juan Carlos Peinado Baş nazir Pedro Sançesin həyat yoldaşı Beqonya Qomezlə bağlı araşdırma çərçivəsində yeni istintaq istiqaməti açıb.
Ajans.az xəbər verir ki, bu barədə Europa Press agentliyi məlumat yayıb.
Məlumata görə, yeni araşdırma Avropa İttifaqı fondları hesabına maliyyələşdirilən bir sıra müqavilələrdə mümkün pozuntularla bağlıdır. İstintaq çərçivəsində Avropa İttifaqının maliyyə maraqlarına zərər vurulması, vəzifə səlahiyyətlərindən sui-istifadə və mümkün dələduzluq faktları araşdırılır.
Bununla yanaşı, hakim hələlik Beqonya Qomezin işin digər epizodları üzrə məhkəməyə göndərilib-göndərilməyəcəyi ilə bağlı yekun qərar verməyib. Qomez iyunun 15-də keçirilən ilkin məhkəmə dinləməsində iştirak edib.
İspaniya mətbuatının məlumatına görə, Baş nazirin həyat yoldaşı mənimsəmə, vəzifə və əlaqələrdən sui-istifadə, əqli mülkiyyət hüquqlarının pozulması və biznes korrupsiyası ilə bağlı iddialar üzrə araşdırılır.
Araşdırma bir neçə istiqaməti əhatə edir. Bunlardan biri Beqonya Qomezin iş adamı Xuan Karlos Barrabesin maraqlarına dəstək vermək üçün nüfuzundan istifadə edib-etməməsi ilə bağlıdır. Digər istiqamət isə onun Madrid Komplutense Universitetindəki fəaliyyəti ilə əlaqədardır.
Hakim həmçinin universitetin bir bölməsinə aid proqram təminatının mümkün mənimsənilməsi və Kristina Alvaresin Qomezin müşaviri təyin olunması ilə bağlı məsələləri də araşdırır.
Prokurorluq isə işin bağlanmasını tələb edib və məhkəmə prosesinin başlanacağı təqdirdə belə, təqsirləndirilən şəxslərin bəraət almasını istəyəcəyini açıqlayıb.
Digər tərəfdən, Beqonya Qomezə qarşı şikayətlə çıxış edən ifrat sağçı Hazte Oír təşkilatı onun barəsində 24 il müddətinə azadlıqdan məhrumetmə cəzası tələb edib.
Hazırda istintaq davam edir və məhkəmənin növbəti qərarları gözlənilir.