Reklam resmi
Reklam resmi

Ebola xəstələri müalicə mərkəzlərindən QAÇIR

Ebola xəstələri müalicə mərkəzlərindən QAÇIR
Dünya

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxmuş və ya yoluxduğu ehtimal edilən xəstələrin müalicə mərkəzlərindən qaçması ciddi narahatlıq yaradıb.

Ajans.az Bloomberg agentliyinə istinadən xəbər verir ki, xəstələrin mərkəzləri tərk etməsinin əsas səbəbləri qida çatışmazlığı və yaşayış şəraitinin qənaətbəxş olmamasıdır.

Agentlik qeyd edir ki, ölkədə aclıq böhranı Ebola ilə mübarizədə əsas maneələrdən birinə çevrilib. Məlumata görə, bəzi xəstələr qida tapmaq məqsədilə karantin rejimini pozaraq müalicə mərkəzlərini tərk edirlər.

Rəsmi məlumatlara əsasən, may ayının sonundan etibarən Ebola müalicə mərkəzlərindən 150-dən çox qaçış halı qeydə alınıb. Bildirilir ki, ən azı bir təsdiqlənmiş Ebola xəstəsinin qidalanma çatışmazlığı səbəbindən karantindən qaçdığı ehtimal olunur. Digər hadisələrdə isə qaçışların pis yaşayış şəraiti və ərzaq çatışmazlığı ilə əlaqəli olduğu vurğulanır.

Bloomberg xatırladır ki, Ebola epidemiyasından əvvəl də Konqonun şərq bölgələri silahlı münaqişələr, məcburi köçkünlük və geniş yayılmış aclıq problemi ilə üz-üzə idi. Hazırda ərzaq təhlükəsizliyi böhranı ölkənin şərq əyalətlərində yaşayan təxminən 10 milyon insana təsir göstərir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikası və Uqandada yayılan Ebola epidemiyasını ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib. Təşkilat virusun region daxilində yayılma riskini yüksək qiymətləndirir və digər ölkələr üçün də təhlükə yaratdığını bildirir.

Konqo Demokratik Respublikasının səhiyyə naziri Samuel Rocer Kamba daha əvvəl açıqlamışdı ki, ölkədə Ebola virusundan ölənlərin sayı 230-u ötüb, təsdiqlənmiş yoluxma hallarının sayı isə 900-ə yaxınlaşıb.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, xəstələrin müalicə mərkəzlərindən qaçması virusun daha geniş ərazilərə yayılması riskini artırır və epidemiyaya nəzarəti çətinləşdirir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Ebola virus Afrika Konqo

Digər Xəbərlər