Dünyanın ən yaşlı heyvanı- VİDEO
Planetin ən yaşlı canlı quru heyvanı hesab edilən Conatan adlı nəhəng tısbağa 194 yaşını qeyd edib və hələ də Ginnesin Dünya Rekordları Kitabında öz yerini qoruyur.
Ajans.az xəbər verir ki, "Aldabra" nəhəng tısbağası növünə aid olan Conatanın 1832-ci ildə dünyaya gəldiyi bildirilir. O, 1882-ci ildə Seyşel adalarından Atlantik okeanında yerləşən Müqəddəs Yelena adasına gətirilib. Hazırda tısbağa adanın qubernator iqamətgahının ərazisində yaşayır.
Uzun ömrü sayəsində Conatan adanın ən məşhur sakinlərindən birinə çevrilib. O, həm yerli əhali, həm də turistlər arasında böyük maraq doğurur və tez-tez toy fotosessiyalarının da əsas qəhrəmanlarından biri olur.
Mütəxəssislərin məlumatına görə, Aldabra nəhəng tısbağalarının orta ömür uzunluğu təxminən 150 ildir. Bu baxımdan Conatan öz növünün nümayəndələri arasında da nadir istisnalardan hesab olunur.
Yaşının 194-ə çatmasına baxmayaraq, tısbağa aktiv həyat tərzini qoruyub saxlayır. O, görmə qabiliyyətini və qoxu hissini demək olar ki, tamamilə itirsə də, xüsusi qayğı altında yaşayır, sevdiyi meyvələri yeməkdən zövq alır və hələ də dişi tısbağalara maraq göstərir.
Hazırda Conatan rəsmi olaraq dünyanın ən yaşlı quru heyvanı kimi tanınır və heyvanlar aləmində uzunömürlülüyün simvollarından biri hesab olunur.
View this post on Instagram