Türkmənistan Dövlət Kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi" açılıb
Türkmənistan Dövlət Kitabxanasında "Azərbaycan ədəbiyyatı bölməsi" açılıb, elmi konfrans keçirilib.
Ajans.az xəbər verir ki, Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində iyunun 7-də Türkmənistan Dövlət Kitabxanasında "Azərbaycan ədəbiyyatı bölməsinin"nin açılış mərasimi olub. Tədbirdə Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov və Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov çıxış ediblər. Çıxışlarda qardaş ölkənin əsas kitabxanasında "Azərbaycan ədəbiyyatı bölməsinin"nin açılması əlamətdar mədəni hadisə kimi qiymətləndirilib.
Bildirilib ki, bu xarici ölkələrdə yaradılan 19-cu belə bölmədir. Bölmənin açılması Azərbaycanın görkəmli ədəbi-ictimai xadimlərinin əsərləri ilə xaricdə yaşayan soydaşlarımızın, həmçinin yerli vətəndaşların daha yaxından tanış olması üçün imkan yaradır.
Qeyd edək ki, yeni yaradılan bölmədə Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı və müasir inkişafına dair müxtəlif nəşrlər yer alıb. Gələcəkdə Azərbaycan Milli Kitabxanası tərəfindən bölmənin yeni nəşrlərlə zənginləşdirilməsi istiqamətində davamlı addımlar atılacaq. Sonra kitabxanada görkəmli Azərbaycan şairi və mütəfəkkiri, dövlət xadimi Molla Pənah Vaqifin və türkmən ədəbiyyatının tanınmış siması Məhtimqulu Fəraqinin yaradıcılığına həsr olunmuş elmi konfrans keçirilib.
Tədbirin moderatoru Azərbaycan Yazıçılar Birliyinin katibi yazıçı-dramaturq İlqar Fəhmi hər iki ədibin yaradıcılığı haqqında məlumat verib. Azərbaycan Milli Kitabxanasının direktor professor Kərim Tahirov Molla Pənah Vaqifin realist Azərbaycan ədəbiyyatının və ədəbi dilinin inkişafında müstəsna rol oynadğını bildirib. Türkmənistan Dövlət Kitabxanasının direktoru Laçın Nurməhəmmədova çıxışında deyib ki, Məhtimqulu Fəraqi türkmən ədəbi dilinin banisi və özündən sonra ədəbi məktəb yaradan görkəmli şairdir. Qeyd olunub ki, 2024-cü ildə UNESCO-nun mənzil-qərargahında şairin 300 illiyi münasibətilə “Məhtimqulu Fəraqi və Türkmənistanın mədəni irsi” adlı sərgi və qala konsert keçirilib.












