Rumıniyada minlərlə maliyyə işçisi ETİRAZLAR EDİR
Rumıniyada minlərlə vergi xidməti və Rayon Dövlət Maliyyə İdarəsi əməkdaşı əmək haqqı ilə bağlı qanun layihəsinə etiraz olaraq tətilə başlayıb.
Ajans.az xəbər verir ki, etirazçılar bonusların 4 min leyə (təxminən 760 avro) qədər azaldılmasını nəzərdə tutan vahid əmək haqqı qanunundan narazıdırlar. Bu səbəbdən ölkə üzrə minlərlə maliyyə sektoru işçisi cümə axşamı səhər işini dayandırıb.
Tətil nəticəsində ölkənin müxtəlif bölgələrində Rayon Dövlət Maliyyə İdarələrinin ofisləri fəaliyyətini dayandırıb. Binaların pəncərələrinə “Ləyaqət uğrunda üsyan!” və “Maliyyəsiz bir gün” şüarları yazılmış plakatlar asılıb.
Məlumata görə, etiraz aksiyaları ərazi pensiya fondlarına və bəzi məhkəmə qurumlarına da yayılıb.
Maliyyə sektoru əməkdaşları yeni əmək haqqı şkalasının tətbiqini tələb edirlər. Bildirilir ki, həmkarlar ittifaqlarının rəhbərləri məsələ ilə bağlı danışıqlar aparmaq üçün Əmək Nazirliyinə yollanıblar.
Qeyd edək ki, bir gün əvvəl Rumıniyanın paytaxtı Buxarestdə də minlərlə səhiyyə işçisi əmək haqqı qanunu layihəsinə etiraz olaraq aksiya keçirmişdi.