Azyaşlılar üçün sosial mediaya çıxış MƏHDUDLAŞDIRILIR- Bu ölkədə
Malayziyada 16 yaşdan kiçik şəxslərin sosial media platformalarında şəxsi hesab yaratmasını qadağan edən yeni qaydalar qüvvəyə minib.
Ajans.az “Malaysia Mail” qəzetinə istinadən xəbər verir ki, yeni tənzimləmə uşaqların onlayn təhlükəsizliyini artırmaq və onların zərərli məzmundan qorunmasını təmin etmək məqsədi daşıyır.
Qaydalara əsasən, müəyyən istifadəçi sayını keçən əsas sosial media platformaları yaşın təsdiqlənməsi sistemini tətbiq etməli və 16 yaşdan kiçik şəxslərin qeydiyyatını bloklamalıdır. Tələblərə əməl etməyən şirkətlər 10 milyon ringgitə (təxminən 2,5 milyon ABŞ dolları) qədər cərimə ilə üzləşə bilər.
Hakimiyyət bildirir ki, bu qərar uşaqların internet və rəqəmsal texnologiyalardan istifadəsini tam məhdudlaşdırmır, məqsəd daha təhlükəsiz rəqəmsal mühit yaratmaqdır.
Eyni zamanda, qərar ictimai və ekspert müzakirələrinə səbəb olub. Bəzi texnologiya şirkətləri və mütəxəssislər hesab edirlər ki, sərt məhdudiyyətlər yeniyetmələri nəzarətsiz platformalara yönləndirə bilər və yaş yoxlaması prosesində şəxsi məlumatların qorunması ilə bağlı risklər yarana bilər.
Bununla yanaşı, analitiklər qeyd edirlər ki, oxşar yaş məhdudiyyətləri artıq bir sıra ölkələrdə tətbiq olunur və ya müzakirə mərhələsindədir.