Epşteynə bənzədiyi üçün səyahət planlarını LƏĞV EDİB
Türkiyə sakini Rifat Özdəmir mübahisəli amerikalı maliyyəçi Ceffri Epşteynə bənzədiyinə görə xaricə səfər planlarını ləğv etdiyini bildirib.
Ajans.az xəbər verir ki, bu barədə o, yerli mediaya açıqlamasında bildirib.
Özdəmir daha əvvəl yerli mediaya müsahibəsində son vaxtlar küçədə insanların ona xoşagəlməz baxışlar göstərdiyini və həyatının “kabusa çevrildiyini” qeyd etmişdi.
“Xaricə getməyi planlaşdırırdım, amma indi bütün planlarımı bu Epşteyn məsələsinə görə ləğv etmişəm. Türkiyədə insanlar məni onunla səhv salsalar, heç olmasa özümü izah edə bilərəm. Amma xaricdə bu hadisədən ciddi şəkildə təsirlənmiş və mənə qarşı aqressiv davrana biləcək şəxslərlə qarşılaşmaqdan ehtiyat edirəm. Onlara necə izah edim ki, mən o deyiləm?” – deyə Özdəmir bildirib.
Qeyd edək ki, 30 yanvarda ABŞ baş prokurorunun müavini Todd Blanş Epşteyn işi ilə bağlı materialların dərcinin başa çatdığını elan edib.
Ceffri Epşteyn 2019-cu ildə ABŞ-da yetkinlik yaşına çatmayanların cinsi istismarında ittiham olunmuşdu. Həmin ilin iyul ayında o, həbsxanada ölü tapılıb. İstintaq hadisəni intihar kimi qiymətləndirib.