Di Vensin səfəri: Cənubi Qafqazda böyük güclərin yeni mərhələsi
ABŞ-nin vitse-prezidenti Ceyms Di Vensin Azərbaycan və Ermənistan səfəri Cənubi Qafqazda gedən geosiyasi proseslər baxımından mühüm hadisə kimi qiymətləndirilir.
Məsələ ilə bağlı Ajans.az-a fikirlərini bölüşən siyasi şərhçi Elçin Xalidbəyli qeyd edir ki, bu səfər regionda formalaşmış ənənəvi geosiyasi balansın dəyişmək üzrə olduğuna işarədir.

Onun sözlərinə görə, Cənubi Qafqaz uzun illər Rusiyanın təsir dairəsində olan əsas regionlardan biri kimi çıxış edib və xüsusilə Ermənistan Moskvanın bölgədəki əsas dayağı sayılıb. Lakin son illər İrəvanın Qərbə inteqrasiya istiqamətində atdığı addımlar, o cümlədən ABŞ ilə intensivləşən təmaslar Kremlin regiondakı mövqelərini zəiflədə bilər. Vitse-prezidentin səfəri də bu prosesin yeni mərhələyə keçdiyini göstərən amillərdən biri kimi dəyərləndirilir.
Ekspert hesab edir ki, ABŞ faktiki olaraq Ermənistanla strateji əməkdaşlığı genişləndirmək niyyətini açıq şəkildə nümayiş etdirir. Bu, həm təhlükəsizlik, həm enerji, həm də nəqliyyat-kommunikasiya layihələri kontekstində özünü göstərə bilər.
Siyasi şərhçi bildirir ki, əgər Ermənistan Qərblə strateji yaxınlaşmanı davam etdirərsə, bu, Rusiyanın həm İran, həm də Türkiyə sərhədləri boyunca hərbi və siyasi mövcudluğuna təsir göstərə bilər. Belə bir ssenari Cənubi Qafqazda qüvvələr balansının ciddi şəkildə dəyişməsi ilə nəticələnə bilər.
Digər mühüm məqam isə nəqliyyat ilə bağlıdır. Ekspertin fikrincə, regionda yeni kommunikasiya xətlərinin açılması perspektivi Cənubi Qafqazı yeni inkişaf mərhələsinə keçirə bilər. Azərbaycan bu marşrutlarda əsas tranzit və logistika mərkəzlərindən biri kimi çıxış etdiyindən, proseslər ölkə üçün əlavə iqtisadi və ticari imkanlar yarada bilər. Genişmiqyaslı nəqliyyat-kommunikasiya şəbəkəsinin formalaşması Azərbaycanın regional mövqeyini daha da gücləndirə bilər. Eyni zamanda, ABŞ-nin regionda fəallaşması Rusiya, Türkiyə və İran kimi digər böyük güclərlə münasibətlər sisteminə də təsirsiz ötüşməyəcək. Bu isə Cənubi Qafqazda yeni balans modelinin formalaşması deməkdir.
Ekspert hesab edir ki, yaxın perspektivdə bölgədə “Rusiyasız mərhələ”nin başlanması ehtimalı müzakirə mövzusuna çevrilə bilər. Bunun reallaşıb-reallaşmayacağı isə böyük güclər arasında gedən siyasi rəqabətin nəticələrindən asılı olacaq.
Beləliklə, Ceyms Di Vensin Cənubi Qafqaza səfəri təkcə diplomatik protokol xarakterli hadisə deyil, həm də regionun gələcək geosiyasi arxitekturasına təsir göstərə biləcək mühüm siyasi siqnal kimi qiymətləndirilir