Məşhur reperin səs yazısı hərraca çıxarılıb
Amerikalı repçi Tupac Şakurun 16 yaşında olarkən yazdığı nadir səs yazısı hərraca çıxarılıb. Hərrac Wax Poetics tərəfindən prodüser və rəssam Ge-ology-nin şəxsi kolleksiyasına həsr olunmuş xüsusi satış çərçivəsində təşkil edilib.
Ajans.az xəbər verir ki,sözügedən səs yazısı təxminən 1988-ci ilə aiddir və Tupacın hələ “MC New York” adı ilə tanındığı dövrdə, Born Busy qrupunun üzvləri ilə birlikdə ifa etdiyi a cappella qeyddən ibarətdir. Yazı Ge-ology-nin Baltimordakı ailə evində lentə alınıb və reperin ən erkən yaradıcılıq nümunələrindən biri hesab olunur.
Hərraca çıxarılan kolleksiyaya yalnız bu nadir audio lent deyil, eyni zamanda Tupacın əlyazma mətnləri, gündəlik həyatını əks etdirən fotoşəkillər – həyət görüntüləri, məktəb tədbirləri və əyləncələr də daxildir. Kolleksiyanın diqqətçəkən eksponatlarından biri Ge-ology-nin Nyu-Yorka köçməsindən qısa müddət əvvəl keçirilmiş 1988-ci il məzuniyyət tədbirindən imzalanmış bannerdir.
Ge-ology bildirib ki, səs yazısı kommersiya məqsədi daşımayıb:
“Bu, ifa və ya buraxılış üçün nəzərdə tutulmamışdı. Qafiyələri öyrənmək və onlara ritmlər yaratmaq üçün akapella yazılar edirdik. Bu lent Tupacın dünya onu tanımamışdan əvvəlki dövrünə aid ilk sənədlərdən biridir. Onu on illərdir qoruyuram və indi tarixin bir hissəsi kimi paylaşmağın vaxtıdır.”
Wax Poetics şirkətinin baş direktoru Aleks Bruya isə qeyd edib ki, Tupac musiqi kolleksiyaçılığı baxımından xüsusi yer tutur:
“Musiqi kolleksiyasından danışarkən, Tupac zirvədədir. Bu kasetin və digər əşyaların onun məşhurluqdan əvvəlki illərinə aid olması və uşaqlıq dostu Ge-ology tərəfindən təqdim edilməsi onları son dərəcə nadir və dəyərli edir. Tupacın hekayəsinin daha az tanınan bir hissəsini təqdim etməkdən qürur duyuruq.”