İran hökuməti məsuliyyətdən YAYINIR
İranın xarici işlər naziri Abbas Əraqçi ölkədə davam edən etirazlarla bağlı hökumətin rəsmi mövqeyini açıqlayıb.
Ajans.az xəbər verir ki, o , bu barədə “Əl-Cəzirə” telekanalına verdiyi müsahibədə danışıb.
Nazir etirazları iki mərhələyə ayıraraq baş verən zorakılıqlara görə məsuliyyəti “kənardan idarə olunan terrorçu qruplar”ın üzərinə atıb. Əraqçinin sözlərinə görə, etirazların birinci mərhələsi 28 dekabrdan 7 yanvara qədər davam edib və əsasən dinc xarakter daşıyaraq sosial-iqtisadi narazılıqları əks etdirib.
Onun iddiasına görə, yanvarın 8–10-u tarixlərində vəziyyət kəskin şəkildə dəyişib və prosesə “terrorçu elementlər” qoşulub. Nazir bildirib ki, bu qruplar əvvəlcədən təşkil olunub, xüsusi təlim keçiblər və məqsədləri ölənlərin sayını artırmaq olub.
Əraqçi həmçinin etirazların ABŞ prezidenti Donald Trampın nümayişçilərə qarşı güc tətbiq oluna biləcəyi ilə bağlı açıqlamasından sonra başladığını iddia edib. O, etirazlar zamanı insanların diri-diri yandırıldığını, polis əməkdaşlarının öldürüldüyünü, başların kəsildiyini və məscidlərin yandırılmasının İranın mədəni və dini dəyərlərinə zidd olduğunu bildirib.
Nazirin bu açıqlamaları beynəlxalq ictimaiyyətdə və insan haqları müdafiəçiləri arasında tənqidlərə səbəb olub; tənqidçilər hökuməti ölkədaxili böhrana görə məsuliyyəti etirazçılar və xarici qüvvələrin üzərinə atmaqda ittiham edirlər.