Ukraynada qalmaqal: deputatın hərəkəti iclasın pozulmasına səbəb oldu
Ukrayna Ali Radasının dekabrın 16-na təyin edilmiş iclası parlament kürsüsünün bağlanması səbəbindən baş tuta bilməyib.
Ajans.az xəbər verir ki,bu barədə Ali Rada rəsmi məlumat yayıb.
Məlumata görə, hadisə deputat Marianna Bezuhlayanın iştirakı ilə baş verib. Ukraynanın dövlət himninin ifasından sonra deputatın icazəsiz şəkildə parlament kürsüsünə yaxınlaşdığı və Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanının istefasını tələb etdiyi bildirilir.
Deputat Sergey Taruta və digər parlamentarilərin Bezuhlayanı dayandırmaq cəhdləri nəticəsində şifahi mübahisə yaranıb, daha sonra isə dava baş verib.
Parlamentin sədri Ruslan Stefançuk dövlət himninə və Ali Radanın fəaliyyətinə hörmətlə yanaşmağın vacibliyini vurğulayaraq, deputatdan kürsünü tərk etməyi tələb edib. Lakin Bezuhlayanın bu tələbə tabe olmadığı qeyd olunur.
Nəticədə iclasın başlanması əvvəlcə 15 dəqiqə təxirə salınıb. Daha sonra parlamentin işini bərpa etmək cəhdi də uğursuz alınıb, çünki deputat kürsünü bağlamaqda davam edib.