Çilidə prezident seçkiləri keçirilir
Bu gün Çilidə prezident seçkilərinin ikinci turu üçün üç mindən artıq seçki məntəqəsi fəaliyyətə başlayıb.
Ajans.az Beynəlxalq KİV-ə istinadən xəbər verir ki, seçici fəallığının 85 faizə yaxın olacağı gözlənilir.
Yüksək iştirak göstəricisi ölkədə səsvermənin məcburi olması ilə izah edilir. Qanunvericiliyə əsasən, seçkilərdə əsassız səbəbdən iştirak etməyən vətəndaşları 100 min Çili pesosundan artıq cərimə gözləyir.
Prezident postu uğrunda siyasi spektrin fərqli qütblərini təmsil edən iki namizəd mübarizə aparır. Birinci turda ən çox səs toplayan Janett Jara hakim mərkəz-sol koalisiyası olan “Çili üçün Birlik” blokunun namizədidir. O, seçki proqramında iş şəraitinin yaxşılaşdırılması, kiçik və orta sahibkarlığa dəstək, sərhəd təhlükəsizliyinin gücləndirilməsi məqsədilə ordunun cəlb edilməsi, pensiyaların artırılması, enerji xərclərinin azaldılması və on minlərlə yeni mənzilin tikintisi ilə bağlı vədlər irəli sürüb.
Jaranın əsas rəqibi sağçı ultra-mühafizəkar Respublika Partiyasının lideri, Auqusto Pinoçetin siyasi xəttinin davamçısı və ABŞ prezidenti Donald Trampın tərəfdarı kimi tanınan Xose Antonio Kastdır. Kast qanunsuz immiqrasiya ilə mübarizə məqsədilə korporativ vergilərin azaldılacağını, dövlət xərclərinin ixtisar ediləcəyini və sərhəd nəzarətinin sərtləşdiriləcəyini vəd edib. Seçki kampaniyası zamanı o, əsasən Trampın cinayətkarlıq və immiqrasiyaya qarşı sərt siyasətinə istinad edib.