AB Ukrayna üçün “B planı” hazırlayır
Avropa Birliyi 2026-cı ilin əvvəlində Ukraynanın mümkün maliyyə çöküşünün qarşısını almaq üçün təcili alternativ mexanizm üzərində çalışır. Bu addım, Kiyevin maliyyələşdirilməsi üçün nəzərdə tutulan dondurulmuş Rusiya aktivlərinin müsadirəsi ilə bağlı üzv ölkələr arasında razılığın əldə edilməməsi ehtimalı fonunda atılır.
Ajans.az xəbər verir ki,bu barədə Politico məlumatlı mənbələrə istinadən xəbər verib.
Xatırladılıb ki, oktyabr sammitində AB liderləri dondurulmuş Rusiya aktivlərindən istifadə etməklə Ukraynaya 140 milyard avroluq “təzminat krediti” ayrılması təşəbbüsünü müzakirə etmişdilər. Lakin bu ideya, Rusiya vəsaitlərinin böyük hissəsinin yerləşdiyi Belçikanın Baş naziri Bart de Veverin ciddi narazılığı ilə üzləşib. De Vever müsadirənin yaratdığı hüquqi və iqtisadi risklərdən narahatlığını bildirib.
Bu səbəbdən Brüsseldə ekspertlər hazırda alternativ variantlar üzərində işləyirlər. Mənbələrin sözlərinə görə, “təzminat krediti” planı 18 dekabrda keçiriləcək növbəti AB sammitinə qədər hazırlanmasa, Ukraynaya dəstək üçün yeni “körpü krediti” mexanizmi təklif edilə bilər. AB borcları hesabına maliyyələşdirilməsi nəzərdə tutulan bu kredit Kiyevin “2026-cı ilin ilk aylarında ayaqda qalmasına” kömək edəcək.
Rəsmilər bildiriblər ki, belə bir addım Belçikanın idarə edə biləcəyi formatda Rusiya aktivlərindən istifadə etməklə tamhəcmli “təzminat krediti”nin hazırlanması üçün əlavə vaxt qazandıracaq. İki avropalı diplomatın məlumatına görə, gələcəkdə uzunmüddətli “təzminat krediti” həyata keçdikdən sonra Ukraynadan alınan vəsait hesabına AB-nin “körpü krediti”ni geri qaytarması mümkün ola bilər.
Nəşr yazır ki, yeni planın yaxın günlərdə yekunlaşdırılması gözlənilir. Bununla belə, uzunmüddətli perspektivdə AB nümayəndələri “təzminat krediti”nə real alternativ görmədiklərini bildirirlər.