ABŞ Senatı: Ukrayna üçün sülh planı “tarixən uğursuz razılaşmadır”
Virciniya ştatından demokrat senator Mark Uorner ABŞ administrasiyasının Rusiya ilə Ukrayna arasında təklif etdiyi 28 bəndlik sülh planını kəskin tənqid edib.
Ajans.az xəbər verir ki,senator bazar günü Fox News-a bildirib ki, plan “açıq desək, II Dünya Müharibəsi ərəfəsində Nevil Çemberlenin Hitlerə güzəştə getməsi ilə müqayisə edilə bilən, tarixən uğursuz bir razılaşma hesab olunacaq”.
Senatın Kəşfiyyat Komitəsinin yüksək vəzifəli üzvü olan Uorner bildirib ki, sözügedən plan qəbul olunsa, bu, Çin lideri Si Cinpini Tayvana hücum etməyə cəsarətləndirə bilər. O, təklifi “Ukraynanın tam təslimi” kimi dəyərləndirib.
“Aydındır ki, bu plan, ən azı ilkin mərhələdə, Ukraynanın iştirakı olmadan və Rusiya tərəfinin iştirakı ilə hazırlanıb”, – deyə senator qeyd edib. Onun sözlərinə görə, sonradan administrasiya Ukraynanın prosesdə yer aldığını iddia etsə də, vəziyyətlə bağlı rəsmi mövqelər daim dəyişir. “Hamımız sülh istəyirik, amma Vladimir Putini mükafatlandıran bir sülh görmək istəmirik”, – Uorner əlavə edib.
Senator həmçinin bildirib ki, belə bir razılaşmanın Ukrayna Prezidenti Vladimir Zelenskinin, hətta öz hökuməti daxilində belə, qəbul edə biləcəyi bir sənəd olub-olmadığı da sual altındadır.
Politico-nun məlumatına görə, plan Respublikaçılar Partiyasında Rusiyaya qarşı sərt mövqeyi ilə tanınan Lindsey Graham, Mitch McConnell və Roger Wicker kimi siyasətçilər tərəfindən də tənqid olunub və administrasiyanın təklifi yenidən nəzərdən keçirməsi üçün təzyiq göstərilib.