ABŞ-də 25 tonluq canlı balina sahilə çıxıb
ABŞ-ın Oregon ştatının sahilində xərçəng torlarına dolaşmış canlı, təxminən 25 ton ağırlığında gənc qozbel balina aşkar edilib.
Ajans.az xəbər verir ki,bu barədə People nəşri məlumat verib.
Hadisə şahidi Jacob Colvin balinanın görüntülərini çəkərək sosial şəbəkələrdə paylaşıb. Onun sözlərinə görə, dostunun zəngi üzərinə sahilə gəlib və həmin vaxt balinanın yanında təxminən 20 nəfər toplaşıb. İnsanlar iri dəniz məməlisini yenidən üzə bilməsi üçün çevirməyə çalışıblar.
“Könüllülər ipləri balinanın quyruğuna bağlayır, bəziləri çəkir, digərləri isə baş tərəfini itələyirdi. Lakin 25 tonluq heyvanı hərəkət etdirmək çox çətin idi”, – Colvin bildirib. Güclü cərəyanlar xilasedicilərin işini daha da çətinləşdirib. Onun sözlərinə görə, bir çox könüllü dalğalara düşərək az qala soyuq suda boğulacaqdı. Colvin özü də təhlükəyə düşən bir qadını iki dəfə xilas edib.
Dəniz bioloqu Kerri Nyuell qozbel balinanın iki-üç yaşlarında olduğunu ehtimal edib və xilasetmə cəhdlərinin ciddi risk daşıdığını vurğulayıb. O bildirib ki, balina dalğaların təsiri ilə fırlanaraq insanlara xəsarət yetirə bilərdi. Bundan əlavə, quruda hər əlavə saat heyvana zərər vurur: orqanlar öz funksiyasını itirir, qalın yağ qatı səbəbindən isə balina günəş altında tez qızır.
Əvvəlcə könüllülər balinanı xilas edəcəklərinə ümid etsələr də, iki günlük cəhdlər nəticəsiz qalıb. Sonda vəziyyətin ümidsiz olduğu müəyyən edildikdən sonra heyvanın evtanaziya edilməsinə qərar verilib.