İstanbulda faciə: üç nəfər həyatını itirib
İstanbulun məşhur turistik bölgələrindən birində Almaniya vətəndaşlarından ibarət turist ailəsi qida zəhərlənməsi keçirib. Ana və iki uşağı həyatını itirib, ailənin atası isə ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib.
Ajans.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Almaniyada yaşayan ailə tətil üçün İstanbula səfər edib və Ortaköy rayonundakı dənizkənarı kafelərdən birində yemək yedikdən qısa müddət sonra özlərini pis hiss etməyə başlayıblar. Bütün ailə üzvlərində kəskin zəhərlənmə əlamətləri müşahidə olunub.
Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadalarının müdaxiləsinə baxmayaraq, ana və iki azyaşlı uşağın həyatını xilas etmək mümkün olmayıb.
İstanbul Respublika Prokurorluğu faktla bağlı araşdırmaya başlanıldığını açıqlayıb. Ailənin qida qəbul etdiyi obyektlərdən nümunələr götürülüb, həmin müəssisələrdə növbədə olan və fəaliyyətə cavabdeh dörd əməkdaş saxlanılıb. Mütəxəssislər ölümün dəqiq səbəbini müəyyən etmək üçün laboratoriya təhlillərini davam etdirirlər.