10 il həbsdə qalan Qəddafinin oğlu azad edilib
Livan təxminən 10 il həbsdə saxlandıqdan sonra mərhum Liviya lideri Müəmmər Qəddafinin oğlu Hənnibal Qəddafini azadlığa buraxıb.
Ajans.az xəbər verir ki,bu barədə Reuters agentliyi məlumat yayıb.
Məlumata görə, Hənnibal Qəddafi 2015-ci ildə Suriyada yaraqlılar tərəfindən qaçırıldıqdan sonra Livanlı həyat yoldaşı və uşaqları ilə birgə yaşadığı yerdən Livana gətirilərək həbs olunmuşdu. Livan hakimiyyəti onu 1978-ci ildə Liviyaya səfəri zamanı yoxa çıxan şiə ruhani İmam Musa əs-Sədrin taleyi barədə məlumatları gizlətməkdə ittiham edirdi.
Qəddafinin yoxa çıxdığı zaman cəmi iki yaşı olub və sonradan Liviyada heç bir dövlət vəzifəsi tutmayıb. İnsan haqları təşkilatları onun saxlanma şəraitini kəskin tənqid edərək ittihamları “əsassız” adlandırıblar. 2023-cü ildə Hənnibal Qəddafi həbsinə etiraz olaraq aclıq aksiyası keçirib, nəticədə səhhəti pisləşib və xəstəxanaya yerləşdirilib.
Ötən ay – 2025-ci ilin oktyabrında Livan məhkəməsi onun azadlığa buraxılması barədə qərar qəbul edib. Əvvəlcə 11 milyon dollar məbləğində girov müəyyən edilsə də, vəkillərin müraciətindən sonra bu məbləğ təxminən 900 min dollara endirilib. Yenilənmiş qərara əsasən, Qəddafiyə tətbiq edilən səyahət qadağası da ləğv edilib.
Reuters Livanın Milli Xəbər Agentliyinə istinadən bildirir ki, Qəddafinin vəkilləri girov məbləğini ödədikdən sonra o, azadlığa buraxılıb.
Tripolidə yerləşən Əbdülhəmid əl-Dbeybahın rəhbərlik etdiyi Liviya Milli Birlik Hökuməti Livan prezidenti və parlament sədərinə “Qəddafinin azadlığa buraxılmasına yönələn əməkdaşlığa görə” təşəkkür edib.
Agentlik qeyd edir ki, təxminən yarım əsr əvvəl İmam Musa əs-Sədrin sirli şəkildə yoxa çıxması Liviya ilə Livan arasında onilliklər boyu davam edən siyasi gərginliyə səbəb olub.
Liviya hökuməti yayımladığı bəyanatda “Livan rəhbərliyinin iki ölkə arasında diplomatik münasibətləri bərpa etmək və siyasi, iqtisadi, eləcə də təhlükəsizlik sahəsində əməkdaşlığı inkişaf etdirmək səmimi niyyətlərini” alqışlayıb.