BƏƏ-də “Durovun dostu” və arvadı qətlə yetirilib
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) “Durovun dostu” kimi tanınan kripto treyder Roman Novak və onun həyat yoldaşı Anna vəhşicəsinə qətlə yetirilib. Məlumata görə, cütlük fidyə məqsədilə qaçırılıb.
Ajans.az SHOT Telegram kanalına istinadən xəbər verir ki, Novakın qohumları təxminən bir ay ərzində onunla və həyat yoldaşı ilə əlaqə saxlaya bilməyib. Bu, yaxınlarının narahatlığına səbəb olub. Roman Novaka məxsus telefon 4 oktyabrdan etibarən sönülü vəziyyətdə olub. Sonradan onun Cənubi Afrikada görüldüyü barədə məlumat yayılıb, lakin daha sonra cütlüyün qaçırıldığı müəyyən edilib.
Onların azad edilməsi üçün böyük məbləğdə fidyə tələb olunsa da, vəsait ödənilməyib. Nəticədə Novak və həyat yoldaşı vəhşicəsinə öldürülüblər. İlkin məlumatlara görə, hadisə ilə bağlı artıq bir neçə nəfər saxlanılıb. Saxlanılanların Rusiya vətəndaşları olduğu bildirilir. Onların yaxın vaxtlarda Sankt-Peterburqa ekstradisiya ediləcəyi gözlənilir.
Bəzi mənbələrin məlumatına görə, Roman Novak Rusiyadan qaçmazdan əvvəl müxtəlif ölkələrdən olan investorları təxminən 500 milyon dollar məbləğində aldadıb. Qurbanlar arasında Çin və Yaxın Şərq ölkələrindən olan iş adamlarının da olduğu qeyd edilir. Novak özünü “Telegram”ın yaradıcısı Pavel Durovun yaxın dostu kimi təqdim edirdi.