ABŞ-da böyükmiqyaslı deportasiya: immiqrantları ölkədən çıxarmağa hazırlaşırlar
ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) 2025-ci ilin sonuna qədər 600 mindən çox qeyri-qanuni immiqrantın deportasiyasını həyata keçirməyi planlaşdırır. Bu qərar Tramp administrasiyasının immiqrasiya siyasəti çərçivəsində qəbul edilib.
Ajans.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ICE direktoru Tom Qoman Axios Future of Defense Summit tədbirində çıxışı zamanı bildirib.
Qomanın sözlərinə görə, ABŞ-da qeyri-qanuni yaşayan şəxslər “diqqətdən kənarda qalmayacaq” və deportasiya tədbirləri mərhələli şəkildə həyata keçiriləcək:
“Biz qanunları icra etməyə borcluyuq. Kimliyindən asılı olmayaraq, qeyri-qanuni immiqrantlar məsuliyyətə cəlb ediləcəklər,” – deyə ICE rəhbəri vurğulayıb.
O, həmçinin qeyd edib ki, ICE tərəfindən saxlanılan şəxslərin təxminən 70%-i cinayətkar kimi təsnif olunur, qalan 30–35%-i isə cinayət keçmişinə malik olmasa da, milli təhlükəsizlik üçün potensial təhlükə hesab edilir.
Yeni deportasiya planı Tramp administrasiyasının sərtləşdirilmiş immiqrasiya siyasətinin tərkib hissəsidir və onun həyata keçirilməsi üçün əlavə maliyyə və hüquqi mexanizmlərin hazırlanacağı gözlənilir.