Avropa İttifaqı ölkəsində 13 saatlıq iş günü qanuniləşdirildi
Yunanıstanda işəgötürənlərə 13 saatlıq iş günü tətbiq etməyə icazə verən qanun layihəsi parlament tərəfindən təsdiqlənib.
Ajans.az Mesogeios TV-yə istinadən xəbər verir ki, sənəd ətrafında cəmiyyətin geniş təpkisinə, küçə etirazlarına və gərgin parlament müzakirələrinə baxmayaraq, qanun qəbul olunub. Yeni qanun Yunanıstan sahibkarlarına ildə 37 gün müddətində 13 saatlıq iş cədvəli tərtib etmək hüququ verir.
Yunanıstanın Əmək naziri Niki Kerameos yeni qanuna dair açıqlamasında “13 saatlıq iş günü” ifadəsinin yanlış təəssürat yaratdığını bildirib. Onun sözlərinə görə, bu imkan məhdud hallarda və əlavə əmək haqqı şərti ilə tətbiq edilə bilər.
“İşəgötürənlər bu cədvəli yalnız ildə 37 gün tətbiq edə bilərlər və həmin günlərdə işçilərə saatlıq əmək haqqının 40%-i qədər əlavə ödəniş olunmalıdır”, – deyə nazir vurğulayıb.
Kerameos əlavə edib ki, bu dəyişiklik bəzi sahələrdə, xüsusilə sifariş əsaslı və ya mövsümi işlərdə daha uzun iş saatlarına ehtiyac duyan işçilərin könüllü razılığı ilə həyata keçiriləcək.