Məşhur aktrisa 100 milyon dollarlıq miras qoyub
Hollivudun tanınmış aktrisası Diane Keaton 11 oktyabr 2025-ci ildə 79 yaşında vəfat edib.
Ajans.az xəbər verir ki,ABŞ mediasının yazdığına görə, mərhum sənətçi təxminən 100 milyon dollarlıq sərvət miras qoyub.
Keatonun var-dövləti əsasən onun aktrisalıq karyerasından əldə etdiyi gəlirlər və uzaqgörən daşınmaz əmlak investisiyaları nəticəsində formalaşıb. O, uzun illər yaşadığı Brentwood bölgəsindəki malikanəsini 29 milyon dollara satışa çıxarmışdı.
Aktrisa son illərdə daha münasib qiymətə mülklər alaraq, onları təmir edib daha yüksək qiymətə satışa çıxarmaqla məşğul olub. Məsələn, o, Arizona ştatının Tucson şəhərindəki bir evi 1,5 milyon dollara alıb, lakin təmir işlərindən sonra həmin evi 2,6 milyon dollara satıb. Həmçinin Laguna Beach sahilində yerləşən əmlaka 7,5 milyon dollar sərmayə qoyub və onu 12,75 milyon dollara satmağa müvəffəq olub.
Diane Keaton heç vaxt evlənməyib və bioloji övladı olmayıb. Onun iki övladı – Dekster (1995-ci il təvəllüdlü) və Duke (2000-ci il təvəllüdlü) övladlığa götürülüb. Hər iki gənc özəl həyat tərzi ilə seçilir və ictimaiyyət qarşısında nadir hallarda görünür.
Mətbuatın yazdığına görə, aktrisanın səhhəti son aylarda kəskin şəkildə pisləşmiş, çəkisində ciddi azalma müşahidə olunmuş və ətrafındakı insanlar onun vəziyyətinin bu qədər ağır olduğunu son anda anlayıblar.
Diane Keaton, kino tarixində iz buraxan bir çox rolları ilə yadda qalıb və sənət dünyasına töhfələri ilə tanınırdı.