İsrail prezidenti Trampa "Şərəf medalı" təqdim edəcək
İsrail prezidenti İsaak Hersoq ABŞ-ın sabiq prezidenti Donald Trampa Qəzza zolağından girovların azad edilməsində göstərdiyi səylərə görə İsrailin ən yüksək mülki mükafatı olan Prezidentin Şərəf Medalını təqdim edəcək.
Ajans.az xəbər verir ki,bu barədə məlumat prezidentin ofisi tərəfindən yayılıb.
Bəyanatda qeyd olunur:
“Prezident İsaak Hersoq ABŞ-ın sabiq prezidenti Donald Trampa, girovların evlərinə qaytarılması üçün göstərdiyi əvəzsiz səylərinə görə, İsrail Prezidentinin Şərəf Medalını təqdim edəcək.”
Mükafat Trampın İsrail dövlətinə göstərdiyi sarsılmaz dəstəyi, İsrailin təhlükəsizliyi və vətəndaşlarının rifahına verdiyi misilsiz töhfəni, həmçinin regionda sülh və əməkdaşlığa nail olmaq istiqamətindəki öhdəliyini əks etdirir.
Məlumata görə, prezident Hersoq bu qərarını bazar ertəsi İsrail parlamentində keçiriləcək görüş zamanı Donald Trampa rəsmi şəkildə çatdıracaq. Medalın təqdimetmə mərasimi isə yaxın aylarda keçiriləcək, dəqiq vaxt və yer sonradan açıqlanacaq.
Xatırladaq ki, bundan əvvəl Donald Tramp HƏMAS və İsrailin Qəzza zolağındakı münaqişənin həllinə dair sülh planının birinci mərhələsi üzrə razılığa gəldiklərini bildirmişdi. Bu mərhələyə əsasən:
- HƏMAS israilli girovları azad edəcək,
- İsrail isə qoşunlarını Qəzzanın daxilində razılaşdırılmış xəttə çəkəcək,
- Bundan əlavə, yüzlərlə fələstinli, o cümlədən terror ittihamı ilə ömürlük həbsə məhkum edilənlər, İsrail həbsxanalarından azad ediləcək.