Ukrayna Krıma hücumlar təşkil edir
Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Krım yarımadasına növbəti dəfə hava hücumları həyata keçirdiyini açıqlayıb.
Ajans.az xəbər verir ki,nazirliyin rəsmi Telegram kanalında yayılan məlumata görə, oktyabrın 13-də səhər saatlarında Krım üzərində 20-yə yaxın pilotsuz uçuş aparatı (PUA) qeydə alınıb, onlardan **16-sı Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.
Hücumların Moskva vaxtı ilə saat 07:00-dan 08:00-a qədər davam etdiyi bildirilib. Bu, ardıcıl ikinci gündür ki, Ukrayna Krım istiqamətində intensiv PUA hücumları təşkil edir.
Nazirliyin məlumatına əsasən, oktyabrın 12-si axşam saatlarında da Krım ərazisi Ukrayna dronlarının hədəfində olub. Həmin gün 17 pilotsuz təyyarə vurulub. Oktyabrın 13-nə keçən gecə isə yarımada üzərində ümumilikdə 40 PUA ələ keçirilib və zərərsizləşdirilib.
Hücumlar nəticəsində Feodosiya şəhərindəki neft anbarı zərbə alıb. Krımın rəhbəri Sergey Aksyonovun verdiyi məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb, fövqəladə xidmətlər hadisə yerində operativ fəaliyyət göstərir.
Yarımadanın rəhbərinin müşaviri Oleq Kryuçkov yerli sakinlərə çağırış edərək, yalnız rəsmi mənbələrdən verilən məlumatlara inanmağı tövsiyə edib.