Perunun eks-prezidentinə çıxış qadağası qoyula bilər
Perunun baş prokuroru Tomás Qálvez ölkənin sabiq prezidenti Dina Boluarteyə qarşı ölkədən çıxış qadağası qoyulması üçün vəsatət qaldıracağını bildirib.
Ajans.az xəbər verir ki,bu barədə o, yerli RPP radiostansiyasına açıqlamasında deyib.
“Bu gündən onun ölkədən çıxışına qadağa qoyulması ilə bağlı vəsatət təqdim edəcəyik. Sənədlər sübh tezdən həm vilayət prokurorluğuna, həm də Baş Prokurorluğa təqdim olunacaq, çünki istintaqı onlar aparır,” – Qálvez bildirib.
Qeyd edək ki, Peru Baş Prokurorluğu daha əvvəl Boluarteyə qarşı bir neçə cinayət işi açıb. O, qanunsuz varlanma, etirazçılara qarşı zorakılıq nəticəsində ölüm halları, vəzifə səlahiyyətlərini yerinə yetirməmək və məlumatları gizlətməkdə şübhəli bilinir.
2025-ci il oktyabrın 9-da Peru Konqresi ölkədə dərinləşən təhlükəsizlik böhranını əsas gətirərək Dina Boluartenin impiçmentinə yekdilliklə səs verib. Boluarte səsvermədə iştirak etməyib. Onun yerinə Konqresin prezidenti Xose Yer yeni dövlət başçısı kimi and içib.
Son illərdə Peruda cinayətkarlıq və təhlükəsizlik böhranı dərinləşib. Mart ayında parlament daxili işlər naziri Xuan Xose Santivanasa etimadsızlıq səsverməsi keçirib, mayda isə baş nazir Qustavo Adriaensen eyni səbəbdən istefa verib.
2024-cü ilin sentyabrında keçirilmiş CPI sorğusuna görə, peruluların cəmi 2,5%-i Boluartenin prezident kimi fəaliyyətini müsbət qiymətləndirib.
Dina Boluarte son beş ildə impiçment elan edilən üçüncü Peru prezidenti olub. O, 2022-ci ilin dekabrında, sələfi Pedro Kastillonun vəzifədən uzaqlaşdırılmasından sonra prezident postuna gətirilmişdi. Ondan əvvəl Martin Vizkarra və Pedro Kuçinski də impiçment və ya istefa nəticəsində vəzifədən ayrılmışdılar.