Gürcüstanda keçmiş həbsxana müdiri ölü tapılıb
Tbilisidə Qldani həbsxanasının keçmiş direktoru Davit Qoqoberişvili ölü tapılıb.
Ajans.az yerli mediaya istinadən xəbər verir ki,o, yaşadığı evin qarajında odlu silah yarası ilə aşkarlanıb.
Gürcüstan Daxili İşlər Nazirliyi faktı təsdiqləyib və hadisə ilə bağlı Cinayət Məcəlləsinin 115-ci maddəsi — "özünü öldürmə həddinə çatdırma" — üzrə istintaq başladıldığını açıqlayıb.
Qoqoberişvili bu ilin avqustunda vəzifəsindən azad olunmuşdu. Onun istefası hakim "Gürcü Arzusu" partiyasının qurucusu, milyarder Bidzina İvanişvilinin keçmiş müşaviri və maliyyəçisi Giorgi Baçiaşvilinin döyülməsi ilə bağlı qalmaqal fonunda baş vermişdi.
Gürcüstan Ədliyyə Nazirliyi iyunun 11-də baş vermiş döyülmə hadisəsinin səhnələşdirildiyini iddia etsə də, Baçiaşvili və vəkilləri bunu təkzib edirlər. Onların sözlərinə görə, Baçiaşvili təkadamlıq kamerada saxlanıldığı halda, naməlum şəxs tərəfindən hücuma məruz qalıb. Hadisədən sonra o, bir neçə gün hərəkət edə bilməyib və əlil arabasından istifadə etməyə məcbur olub.
Maliyyəçi həmçinin bildirib ki, hücumdan əvvəl o, həbsxana rəhbərliyinə çağırılıb və orada ondan guya İvanişviliyə məxsus bank və kriptovalyuta hesablarına çıxış tələb olunub.
Qeyd edək ki, mart ayında Giorgi Baçiaşvili qiyabi olaraq 11 il müddətinə azadlıqdan məhrum edilib. O, İvanişvilinin kriptovalyuta investisiyalarından 1 milyard ABŞ dollarına qədər vəsaiti mənimsəməkdə ittiham olunur. Hakimiyyət onun ölkədən gizli şəkildə qaçdığını, lakin may ayında sərhəddə saxlandığını bildirib. Baçiaşvili isə BƏƏ-də oğurlandığını və İvanişvilinin göstərişi ilə zorla Gürcüstana gətirildiyini iddia edir.
Baçiaşvili ona qarşı irəli sürülən bütün ittihamları rədd edir və siyasi təqibin qurbanı olduğunu bəyan edir. Onun sözlərinə görə, bu, "Gürcü Arzusu"nun getdikcə Rusiyaya yaxınlaşmasına qarşı tənqidlərinin nəticəsidir.
Hazırda ona qarşı yeni cinayət işləri də açılıb. Əgər məhkəmə onu təqsirli bilsə, Baçiaşvilini vəzifə səlahiyyətlərindən sui-istifadə və sərhədi qanunsuz keçməyə görə əlavə 10 il həbs cəzası gözləyir.