Misirdə İsrail və HƏMAS arasında yeni danışıqlar başlayıb
Misirin Şarm əl-Şeyx şəhərində İsrail və HƏMAS nümayəndə heyətləri arasında Qəzza zolağında müharibəyə son qoymaq məqsədilə dolayı danışıqlara start verilib.
Ajans.az xəbər verir ki,bu barədə Reuters məlumat yayıb.
Danışıqlarda Misir, ABŞ və Qətər vasitəçi qismində iştirak edirlər. Tərəflər girovların azad edilməsi, Qəzzaya humanitar yardımın çatdırılması və gələcək razılaşmanın əsas şərtlərini müzakirə edirlər.
Vaşinqton danışıqların bu raundunun ən mübahisəli məsələlərdən olan İsrail qoşunlarının Qəzza zolağından çıxarılması və HƏMAS-ın tərksilah edilməsinə dair irəliləyişə səbəb olacağına ümid edir.
Hər iki tərəf ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfindən təklif olunan və döyüş əməliyyatlarının dayandırılması, girovların azad edilməsi, eyni zamanda Qəzzaya humanitar yardımın təmin olunmasını nəzərdə tutan planın əsas prinsiplərinə sadiq olduqlarını təsdiqləyiblər.
Qeyd edək ki, bu plan həm ərəb ölkələri, həm də Qərb dövlətləri tərəfindən dəstəklənir.