Netanyahu: Qəzzada müharibə başa çatmaq üzrədir
İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağında müharibənin sona yaxınlaşdığını bildirib.
Ajans.az xəbər verir ki,bu barədə “Al Arabiya” məlumat yayıb.
Netanyahu çıxışında qeyd edib ki, münaqişənin tam başa çatması və sülhə nail olunması üçün hələ bəzi vəzifələr yerinə yetirilməlidir. O, həmçinin vurğulayıb ki, “Hizbullah” və Yəməndəki husilər ciddi zərbələr alıblar və İsrail “Amerikanı İrandan müdafiə edir”.
Baş nazirin açıqlamaları HƏMAS-ın 2023-cü il oktyabrın 7-də İsrailə hücumunun ikinci ildönümü fonunda səsləndirilib. Həmin hücum nəticəsində 1219 nəfər həyatını itirmiş, 251 nəfər isə girov götürülmüşdü. İsrail ordusunun məlumatına görə, hazırda onlardan 47-si hələ də Qəzzada saxlanılır, o cümlədən 25-i artıq həyatını itirmiş girovlardır.
Hücumlara cavab olaraq İsrail ordusu HƏMAS-a qarşı quru, hava və dənizdən genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. Qəzza zolağının səhiyyə qurumlarının məlumatına görə, son iki il ərzində davam edən qarşıdurmalar nəticəsində 67 mindən çox fələstinli həlak olub, regionun infrastrukturu isə ciddi dağıntılara məruz qalıb.
Hazırda Misirdə atəşkəsə nail olmaq və münaqişənin daha da genişlənməsinin qarşısını almaq məqsədilə HƏMAS və İsrail arasında dolayı danışıqlar aparılır. Bu danışıqlar sülhə doğru sonuncu cəhdlərdən biri kimi qiymətləndirilir.