Vuçiç çevriliş cəhdinin təfərrüatlarını açıqladı
Serbiya Prezidenti Aleksandar Vuçiç ölkədə baş vermiş çevriliş cəhdinə dair ilk dəfə olaraq ətraflı məlumat verib.
Ajans.az "Kurir" nəşrinə istinadən xəbər verir ki,dövlət çevrilişi cəhdi konkret şəkildə planlaşdırılmışdı və bu plan hökumət və təhlükəsizlik qüvvələrinin çevik və qətiyyətli addımları nəticəsində iflasa uğradılıb.
“Qan tökülməsinin qarşısını almaq və dövlətin sabitliyini qorumaq üçün vaxtında və sərt tədbirlər zəruri idi,” – deyə prezident qeyd edib.
Prezidentin sözlərinə görə, müxalifət qüvvələri etiraz aksiyalarını təşkil etməklə vətəndaşları radikal hərəkətlərə təhrik etməyə çalışıblar. Vuçiç bu etirazları “rəngli inqilab” ssenarilərinə bənzədib və onların məqsədinin hökuməti sarsıtmaq olduğunu bildirib.
Vuçiç ölkənin sabitliyinə dəstək göstərən Serbiya vətəndaşlarına təşəkkür edib:
“Sizin birliyiniz və məlumatlılığınız sayəsində biz böhrandan çıxa və asayişi qoruya bildik.”
Prezident qeyd edib ki, əvvəllər aksiyalarda iştirak edən vətəndaşların təxminən 25 faizi indi müxalifət təşkilatçılarından uzaqlaşıb və zorakılığı rədd edir.
Müsahibəsində Vuçiç Novi Sad qatar stansiyasında beton örtüyünün uçması nəticəsində baş verən faciəyə də toxunub. O, hadisəni “dəhşətli faciə” adlandırıb və qurbanların ailələrinə hərtərəfli dəstək göstəriləcəyini bildirib. Prezident hadisənin ictimai rezonans doğurduğunu və tikinti təhlükəsizliyi sahəsində problemləri üzə çıxardığını vurğulayıb.
Vuçiç həmçinin 5 oktyabr hadisələrindən sonra ölkənin üzləşdiyi struktur problemlər, işsizlik və sosial gərginlik kimi məsələlərə diqqət çəkib.
“Biz keçmişdən dərs almalı və eyni səhvləri təkrarlamamalıyıq,” – deyə o bildirib.
Prezident bəyan edib ki, hakimiyyətin məqsədi konkret şəxslərlə deyil, ölkəni və sabitliyi pozmaq istəyən qeyri-müəyyən, aydın proqramı olmayan qüvvələrlə mübarizə aparmaqdır.