Putinə yaxın alimdən qalmaqallı iddia
Rusiyanın nüfuzlu elmi qurumlarından birinin rəhbəri, Prezident Vladimir Putinə yaxınlığı ilə tanınan akademik Mixail Kovalçuk, Qərb ölkələrini bəşəriyyətin əksəriyyətini məhv etmək planı hazırlamaqda ittiham edib. Onun sözlərinə görə, Qərb yalnız robotlara xidmət edəcək kiçik bir elitanı qorumağı hədəfləyir.
Ajans.az xəbər verir ki,Kurçatov Nüvə Tədqiqatları İnstitutunun 77 yaşlı rəhbəri bu qalmaqallı açıqlamaları Moskvada keçirilən “Sinif Müəllimləri Forumu”nda səsləndirib. Onun iddialarına görə, Qərb guya ölümcül viruslar vasitəsilə dünya əhalisini azaltmağa çalışır və bununla paralel LGBT və uşaqsız ailə modelini təbliğ etməklə əhali artımını nəzarətə almağı hədəfləyir.
“Qərb başa düşür ki, artıq çox sayda insana ehtiyac yoxdur. Onlar əhalinin azaldılmasına hazırlıq görürlər”, – deyə Kovalçuk bildirib.
“LGBT gündəmini təbliğ etdilər. Kimlər ki, bununla razılaşmır, onlara da uşaqsız ailə modeli təqdim edildi. Bu, mükəmməl işləyir. Bir-iki nəsil sonra onların soy kökü kəsiləcək. Yalnız ehtiyac duyulan kiçik elita qalacaq.”
Kovalçukun çıxışı Rusiyada getdikcə artan və rəsmi ritorikaya daxil olan ekstremal sui-qəsd nəzəriyyələrini əks etdirməsi baxımından diqqət çəkib. The Times qəzetinin yazdığına görə, bu cür açıqlamalar Kremlin ideoloji xəttinin radikallaşdığını göstərir.
Qeyd edək ki, Kovalçuk təkcə nüvə fizikası sahəsində deyil, həm də siyasi dairələrdə nüfuzlu fiqur hesab olunur. Onun qardaşı Yuri Kovalçuk Rusiya Prezidenti Vladimir Putinin yaxın çevrəsində yer alan oliqarxlardan biridir.