Aİ İrana qarşı 2015-ci ildə dayandırılmış sanksiyaları bərpa edib
Avropa İttifaqı Şurası İrana qarşı 2015-ci ildə dayandırılmış bir sıra sanksiyaların qismən bərpasına qərar verib.
Ajans.az xəbər verir ki,bu barədə Aİ Şurasının sentyabrın 29-da yaydığı rəsmi bəyanatda məlumat verilib.
“Bu gün Avropa İttifaqı Şurası, 2015-ci ildə Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) qüvvəyə minməsindən sonra dayandırılmış, İranın nüvə fəaliyyətləri ilə bağlı bir sıra məhdudlaşdırıcı tədbirlərin bərpasına razılıq verib”, – bəyanatda bildirilir.
Şuranın açıqlamasına görə, yenidən tətbiq edilən sanksiyalar fiziki şəxslərə qarşı şəxsi məhdudiyyətləri, həmçinin ticarət, maliyyə və nəqliyyat sektorlarına qarşı iqtisadi sanksiyaları əhatə edir.
Bu qərar, İranın son illərdə nüvə razılaşmasının şərtlərinə tam əməl etməməsi fonunda verilib və Avropa İttifaqının nüvə silahlarının yayılmasının qarşısının alınması istiqamətindəki mövqeyini əks etdirir.
Xatırladaq ki, 2015-ci ildə İran ilə “altılıq” (ABŞ, BMT TŞ-nin daimi üzvləri və Almaniya) arasında imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planı çərçivəsində, Tehran nüvə proqramını məhdudlaşdırmağı, əvəzində isə ona qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılmasını öhdəsinə götürmüşdü.
Lakin son illərdə sazişin əsas iştirakçıları arasında yaranan gərginlik və xüsusilə də ABŞ-ın 2018-ci ildə razılaşmadan birtərəfli çıxması, İrana qarşı etimadı sarsıdıb və nəticədə Aİ-nin bu yeni addımı ilə sanksiyalar qismən bərpa olunub.