Milyon illik sirr: Çində tapılan kəllə insan tarixini yenidən yazır
Çində tapılan milyon illik insan kəllə sümüyü insan təkamülü ilə bağlı mövcud elmi anlayışları köklü şəkildə dəyişə bilər.
Ajans.az CBS News-a istinadən xəbər verir ki, Yunxian 2 adlandırılan və 1990-cı ildə Hubey əyalətində aşkar edilən kəllə sümüyünün rəqəmsal rekonstruksiyası, insanların tarix səhnəsinə əvvəl düşünüləndən yüz minlərlə il əvvəl çıxa biləcəyini və fərqli insan növlərinin bir yerdə mövcud ola biləcəyini göstərir.
Əvvəllər Homo erectus növünə aid olduğu ehtimal edilən bu fosil, yeni araşdırmalara əsasən, Homo longi (Əjdaha Adam) və hətta Homo sapiensə yaxın bacı nəsillərdən birinə aid ola bilər. Əgər bu fərziyyə təsdiq olunarsa, müasir insanın əcdadlarının 400.000 il daha əvvəl meydana çıxdığı ehtimal olunur.
London Təbiət Tarixi Muzeyinin tanınmış antropoloqu Kris Strinqer bu kəşfi belə şərh edib:
“Bu, insan təkamülü ilə bağlı anlayışımızı tamamilə dəyişir. Görünür ki, bir milyon il əvvəl artıq əcdadlarımız bir neçə fərqli qrupa ayrılmışdılar – bu isə təkamülün daha erkən və daha mürəkkəb olduğunu göstərir.”
Alimlər qeyd edirlər ki, bu tapıntılar, müasir insan, neandertallar və digər əlaqəli növlərin Asiyada yüz minlərlə il birgə yaşaya bildiyini və bəlkə də bir-biri ilə genetik əlaqədə olduqlarını sübut edə bilər.
Fosilin ağır deformasiyalara məruz qalmış hissələrinin araşdırılması üçün tədqiqatçılar ən müasir texnologiyalardan – KT skanları, strukturlaşdırılmış işıq modelləşdirməsi və rəqəmsal rekonstruksiya metodlarından istifadə ediblər.
Fudan Universitetinin professoru Xijun Ni bildirib ki, komanda nəticələrin dəqiqliyinə əmin olmaq üçün model üzərində dəfələrlə iş aparıb:
“Nəticələr o qədər inanılmaz idi ki, dəfələrlə yoxlamaq məcburiyyətində qaldıq.”
Tapıntı, həmçinin, insanların təkamülünün yalnız Afrikada başladığı barədə uzun müddətdir qəbul edilmiş nəzəriyyəyə də ciddi suallar yaradır. Avstraliya İnsan Təkamülü Mərkəzindən tədqiqatçı Maykl Petraqlia bildirib ki, bu kəşf Şərqi Asiyanın homininlərin təkamülündə mümkün əsas rolunu vurğulayır:
“İnsan miqrasiyası və təkamül prosesi ilə bağlı anlayışlar qarışıb. Bu kəşf həmin çaşqınlığa bir aydınlıq gətirə bilər.”
Alimlərin fikrincə, Yunxian 2 kəlləsi təxminən bir milyon ilə 300.000 il əvvəlki dövrə aiddir və bu dövr Homo sapiens, Neandertal və digər bacı növlərin birgə yaşaya bildiyi bir mərhələni əhatə edə bilər.