Tramp İsrailə futbol qadağasına qarşı müdaxilə edəcək
ABŞ-ın prezidenti Donald Trampın, FİFA-nın İsrailin 2026-cı ildə ABŞ-da keçiriləcək futbol üzrə dünya çempionatında iştirakına qadağa qoymasının qarşısını almaq üçün addımlar atacağı bildirilir.
Ajans.az xəbər verir ki,bu barədə Sky News məlumat yayıb.
Məlumata görə, ABŞ senatoru Marko Rubionun nümayəndəsi bildirib:
“Biz İsrailin milli futbol komandasının dünya çempionatında iştirakını qadağan etmək cəhdlərini tamamilə dayandırmağa çalışacağıq.”
BMT-nin komissiyası bu həftə İsraili Qəzzada soyqırım törətməkdə ittiham edib və beynəlxalq təşkilatlara bu ölkənin idman komandasına sanksiyalar tətbiq etməyə çağırıb. İsrail bu ittihamları rədd edib.
FİFA hələ rəsmi mövqe bildirməyib, lakin prezident Canni İnfantinonun Trampa yaxın münasibət qurmağa çalışdığı qeyd olunur. İnfantino bu həftə Nyu-Yorkda çıxışı zamanı qeyd edib:
“Uşaqların əziyyət çəkdiyini görəndə mən də əziyyət çəkirəm – istər Qəzzada, istərsə də dünyanın istənilən yerində.”
Xatırladaq ki, Rusiya hazırda Ukrayna müharibəsi səbəbilə FİFA yarışlarından kənarda saxlanılır və dünya çempionatında iştirak etməyəcək.
İsrail yığmasının 2026-cı ildə əsasən ABŞ-da, eləcə də Meksika və Kanadada keçiriləcək turnirə vəsiqə qazanmaq şansı yüksək qiymətləndirilir. Lakin bəzi Avropa ölkələri, o cümlədən Norveç, İsrailin iştirakına qarşı çıxır. Norveç Futbol Federasiyasının rəhbəri Lise Klaveness bildirib ki, Qəzzadakı humanitar fəlakətə biganə qala bilməzlər.
Ağ Ev isə bəyan edib ki, dünya çempionatı və 2028-ci il Olimpiadası çərçivəsində idmançılar və məşqçilər üçün viza istisnaları qüvvədə olacaq.