Paşinyan: Azərbaycanla sülh sazişi Ermənistanın tarixini dəyişdi
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Azərbaycanla əldə olunan sülh sayəsində ölkəsi öz tarixində tamamilə yeni mərhələyə qədəm qoyub.
Ajans.az xəbər verir ki, Paşinyan bu fikirləri hakim “Mülki Müqavilə” partiyasının bu gün keçirilən qurultayında səsləndirib.
“Bu sülh avqustun 8-də Vaşinqtonda, ABŞ prezidenti Donald Trampın iştirakı və dəstəyi, həmçinin mənim və Azərbaycan prezidentinin imzaladığı bəyannamə nəticəsində əldə olunub. Avqustun 8-i uzun müddətli prosesin kulminasiya nöqtəsidir, zirvəsidir. Artıq bir il yeddi aydır ki, Ermənistan-Azərbaycan sərhədində atəşkəs rejimi pozulmur — nə bir əsgər həlak olub, nə də yaralanıb”, – deyə Paşinyan qeyd edib.
Baş nazir əlavə edib ki, bu "bir il yeddi ay" davamlı sülhün başlanğıcı olmalı və "iki il yeddi ay, üç il, beş il, hətta 50, 100 və 200 ilə çevrilməlidir".
Paşinyan həmçinin vurğulayıb ki, partiya qurultayında qəbul olunacaq qərarlar Ermənistanın qarşıdakı “100 ilində” taleyüklü rol oynayacaq.