Paris etirazlarında 100-dən çox nəfər həbs edilib
Cümə axşamı Parisdə hökumətin təklif etdiyi qənaət tədbirlərinə qarşı keçirilən kütləvi etiraz aksiyaları zamanı 103 nəfər həbs olunub.
Ajans.az xəbər verir ki,bu barədə Fransanın daxili işlər nazirinin müavini Laurent Nunes Franceinfo radiosuna açıqlamasında bildirib.
“Rəqəmlər gün ərzində dəyişib. Ümumilikdə 103 nəfər saxlanılıb, onlardan 89-u nəzarətə götürülüb”, – deyə Nunes qeyd edib.
Fransa üzrə ümumi həbs göstəriciləri isə hələlik açıqlanmayıb. Qeyd edək ki, bir gün əvvəl daxili işlər naziri vəzifəsini icra edən Bruno Retaillod ölkə üzrə baş tutan nümayişlərdə ümumilikdə 309 nəfərin saxlanıldığını bildirmişdi.
Cümə axşamı baş tutan aksiyalar büdcə kəsiri və artan dövlət borcu fonunda hökumətin təqdim etdiyi qənaət tədbirlərinə qarşı təşkil edilib. Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkə üzrə keçirilən etirazlarda ümumilikdə 500 mindən çox insan iştirak edib. Onlardan 55 min nəfəri yalnız Parisdə toplaşıb.
Lakin Fransanın əsas həmkarlar ittifaqlarından biri olan Ümumi Əmək Konfederasiyası (CGT) etirazçıların sayını daha yüksək qiymətləndirərək, ümumilikdə 1,1 milyon nəfərin aksiyalara qoşulduğunu bildirib.
Aksiyalar çərçivəsində bir sıra dövlət qurumlarında və ictimai nəqliyyatda iş dayanıb, bir çox bölgədə tətil və blokadalar müşahidə olunub. Təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında gərginliklər də yaşanıb.