Reklam resmi
Reklam resmi

Pakistanda mitinq zamanı baş verən partlayışda 15 nəfər həlak olub

Pakistanda mitinq zamanı baş verən partlayışda 15 nəfər həlak olub
Dünya

Pakistanda keçirilən siyasi mitinq zamanı törədilən intihar hücumu nəticəsində azı 15 nəfər həlak olub, 30-dan çox insan isə yaralanıb. Hadisə çərşənbə axşamı gecə ölkənin iğtişaşlarla üzləşən Bəlucistan əyalətinin paytaxtı Kvetta şəhərində baş verib.

Ajans.az Pakistanın Geo News şəbəkəsinə istinadən xəbər verir ki,partlayış Bəlucistan Milli Partiyasının (BNP) keçmiş baş nazir Ataullah Menqalın xatirəsinə həsr olunmuş mitinqi zamanı stadion yaxınlığındakı avtomobil dayanacağında qeydə alınıb. İslam Dövləti (İŞİD) terror qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Bəlucistanın səhiyyə naziri Baxt Məhəmməd Kakar yerli mediaya açıqlamasında bildirib ki, kamikadze terrorçu güclü təhlükəsizlik tədbirləri səbəbindən mitinq keçirilən əraziyə daxil ola bilməyib.

Partlayış mitinqin keçirildiyi yerdən təxminən 200 fut (təxminən 60 metr) aralıda baş verib. Hökumət rəsmisi Həmzə Şəfqət jurnalistlərə bildirib ki, partlayış əgər stadion daxilində baş versəydi, ölənlərin və yaralananların sayı qat-qat çox olardı. Onun sözlərinə görə, tədbirin təhlükəsizliyini təmin etmək üçün 120 polis əməkdaşı səfərbər edilmişdi.

Partlayış zamanı yaralanan və hadisə yerində olan Zaman Baloch bildirib ki, mitinq keçirilən məkandan bir qədər aralıda dayanıb və güclü partlayış səsi eşidib:

“Partlayışdan sonra ətrafda çoxlu insanın yerə yıxıldığını və hər tərəfdən qışqırıq səslərinin gəldiyini gördüm.”

Başqa bir sağ qalan Nur Əhməd də güclü səs və xaosun yaşandığını xatırlayıb. BNP lideri Əhməd Nəvaz isə BBC Urdu-ya verdiyi açıqlamada, partlayışın mitinqdən kənarda baş verdiyini təsdiqləyib.

Pakistanın Baş naziri Şehbaz Şərif hücumu kəskin şəkildə pisləyib və bildirib ki, bu, “terrorçuların Bəlucistanda xaos yaymaq üçün hazırladığı mənfur sui-qəsdin sübutudur”.

Hazırda partlayışla bağlı araşdırmalar davam edir. Təhlükəsizlik tədbirləri daha da gücləndirilib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Pakistan mitinq

Digər Xəbərlər