Cardi B mühafizəçinin açdığı iddia üzrə məhkəmədə qalib gəldi
Münsiflər heyəti məşhur reper Cardi B-yə qarşı irəli sürülən iddialar üzrə tam qələbə qərarı çıxarıb.
Ajans.az Associated Press-ə istinadən xəbər verir ki,Kaliforniyanın Alhambra şəhərində keçirilən məhkəmə prosesində mühafizəçi Emani Ellis, 2018-ci ilin fevralında reperin həkim kabinetində ona hücum etdiyini iddia etmişdi. Ellis reperin üzünü cızaraq tüpürdüyünü, bunun nəticəsində üzündə çapıq qaldığını və işini itirdiyini bildirərək kompensasiya tələb edirdi.
Lakin altı kişi və altı qadından ibarət münsiflər heyəti cəmi bir saatlıq müzakirədən sonra yekdilliklə Cardi B-nin xeyrinə qərar verib.
Məhkəmədən sonra jurnalistlərə açıqlama verən reper belə deyib:
“Kim mənə qarşı əsassız iddia qaldırsa, mən də əks-iddia ilə cavab verəcəyəm. Mən heç bir sazişə getməyəcəyəm, xüsusilə də tamamilə günahsız olduğum halda.”
Cardi B bildirib ki, məhkəmə səbəbindən övladlarının məktəbdəki ilk gününü qaçırıb. O, həmçinin məhkəmə ifadəsi zamanı fiziki təmasın olmadığını, yalnız sözlü mübahisə yaşandıqlarını vurğulayıb:
“Ölüm yatağında da deyəcəyəm: Mən o qadına toxunmamışam.”
Ellisin vəkili Ron Rosen Janfaza qərardan apellyasiya şikayəti verəcəklərini açıqlayıb.