Avtomobil Rusiya konsulluğuna çırpan şəxs həbs edilib
Avstraliyanın Sidneydəki Rusiya Konsulluğunun darvazasına avtomobilini sürən şəxs polis tərəfindən saxlanılıb.
Ajans.az BBC-ə istinadən xəbər verir ki,hadisə yerli vaxtla səhər saat 08:00 radələrində qeydə alınıb. Yol kənarında icazəsiz dayanmış avtomobil barədə məlumat alan polis əməkdaşları Woollahra ərazisində yerləşən konsulluğa çağırılıb.
Məlumata görə, sürücü polisə tabe olmaq əvəzinə konsulluğun darvazasından keçməyə cəhd edib. Nəticədə 39 yaşlı şəxs hadisə yerində həbs edilib və hazırda istintaqa kömək edir.
Polis əməkdaşlarından biri əlindən yüngül xəsarət alıb. Başqa xəsarətlər barədə məlumat verilməyib.
Hüquq-mühafizə orqanları hadisənin motivləri ilə bağlı açıqlama verməsə də, araşdırmaların davam etdiyi bildirilib.
Şahidlərdən biri Sydney Morning Herald qəzetinə açıqlamasında bildirib ki, sürücü heç bir müqavimət göstərmədən saxlanılıb. Digər qonşu isə deyib:
“Polislərin silahlarını çəkərək həmin şəxsdən avtomobildən çıxmağı xahiş etdiklərini gördüm”.