İran nüvə sazişinə hazırdır
İran İslam Respublikası maraqları nəzərə alındığı təqdirdə nüvə proqramı ilə bağlı yeni razılaşma əldə etmək üçün dünya gücləri ilə konstruktiv əməkdaşlığa hazırdır.
Ajans.az xəbər verir ki,bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi BMT baş katibi Antonio Quterreşə ünvanladığı məktubunda bildirib.
“İran İslam Respublikası bir daha yeni razılaşmanın əldə edilməsinə yönəlmiş konstruktiv diplomatik fəaliyyətə sadiqliyini vurğulayır. Razılaşma İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) üzrə hüquqlarına hörmət etməklə yanaşı, tərəflərin bütün narahatlıqlarını, o cümlədən xalqın rifahına qarşı sərt sanksiyaları da nəzərə almalıdır”, – Əraqçi qeyd edib.
Xatırladaq ki, avqustun 28-də Böyük Britaniya, Almaniya və Fransa (Aİ-3) “snapback” mexanizminin işə salınmasına təşəbbüs göstəriblər. Eyni zamanda, bu ölkələr BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə uyğun olaraq İrana qarşı sanksiyaların müddətinin uzadılması üçün danışıqları 30 gün davam etdirməyə hazır olduqlarını bəyan ediblər.
Tehran isə cavab olaraq Avropa dövlətlərinin addımlarını “təxribatçı və əsassız eskalasiya” adlandırıb və Aİ-3 ölkələrinin qərarlarına “adekvat” cavab veriləcəyini açıqlayıb.