ABŞ Hindistana 50% rüsum tətbiq edib
ABŞ-ın Hindistan mallarına tətbiq etdiyi 50 faizlik sərt rüsumlar avqustun 27-də, Moskva vaxtı ilə saat 07:00-da qüvvəyə minib.
Ajans.az RBC-ya istinadən xəbər verir ki, bu addım Vaşinqtonun Hindistanı Rusiya neftini almasını dayandırmağa təşviq etmək məqsədilə atılıb.
Ağ Ev rüsumların tətbiqini Hindistanın Rusiya neftini almağa davam etməsi ilə izah edib. Beş raund davam edən danışıqlar nəticəsiz qalıb.
Bloomberg-in məlumatına görə, Hindistanın dövlət və özəl neft emalı zavodları yaxın gələcəkdə Rusiya neftinin alışını təqribən 20 faiz azaldaraq, gündəlik 1,4–1,6 milyon barrelə endirəcək.
Rusiya Federasiyasının Hindistandakı ticarət nümayəndəsinin müavini Yevgeni Qriva isə bildirib ki, Hindistan ABŞ-ın yüksək rüsumlarına və Ağ Evin sərt tənqidlərinə baxmayaraq, Rusiya neftini almağı dayandırmayacaq.
ABŞ eyni zamanda xəbərdarlıq edib ki, Rusiya neftinin idxalına davam edərsə, Braziliya və Çinə də daha yüksək rüsumlar tətbiq olunacaq.