Pələng gənci parçalayıb, ayağını yeyib
Hindistanın Uttar Pradeş ştatının Sitapur rayonunda pələng 21 yaşlı gəncə hücum edərək onu öldürüb. Hadisə avqustun 23-də Narni Katighara kəndində şəkər plantasiyasında baş verib.
Ajans.az The Times of India-ya istinadən xəbər verir ki, pələng Saurabh Dixit adlı gənci parçalayıb, daha sonra isə onun ayağını yeyib. Hücum xəstəxanadan cəmi 200 metr aralıda olsa da, hadisə şahidsiz qalıb və gəncin qalıqları sonradan tapılıb. Yırtıcının cinsi və yaşı hələ müəyyən edilməyib.
Meşə idarəsinin əməkdaşları bildiriblər ki, pələng hücumdan əvvəl Xeri meşə massivindəki qoruqdan təxminən 8 km məsafə qət edib. Bu ərazidə indiyədək insanlara qarşı ölümlə nəticələnən pələng hücumu qeydə alınmayıb.
Bioloq Qamar Qureşinin sözlərinə görə, Dudhva Milli Parkı və yaxınlıqdakı meşəliklər artıq yırtıcılarla həddindən artıq doludur. Bu səbəbdən bəzi erkək pələnglər yaşayış yerlərini tərk edərək insan məskənlərinin yaxınlığına üz tutur. Mütəxəssis hesab edir ki, vəhşi pişiklərin kifayət qədər yem və məkan tapa biləcəyi yeni ərazilərə köçürülməsinə başlanmalıdır.