Trampın 500 milyon dollarlıq dələduzluq cəzası ləğv edildi
ABŞ-ın Nyu-York Apellyasiya Məhkəməsi sabiq prezident Donald Trampa qarşı çıxarılan təxminən 527 milyon dollarlıq dələduzluq cəzasını ləğv edib.
Ajans.az Haber Global-a istinadən xəbər verir ki, aşağı instansiya qərarını qismən qüvvədə saxlayaraq Trampın böyük oğullarının və şirkət rəhbərlərindən birinin “vergi və sığorta imtiyazları əldə etmək üçün xalis sərvəti şişirtmək məqsədilə aparılan əməliyyatlarda iştirak etdiyini” təsdiqləyib. Lakin Tramp və onun şirkətinə tətbiq edilən yarım milyard dollardan artıq cərimə “həddindən artıq” hesab edilərək ləğv olunub.
Donald Tramp sosial şəbəkədə yayımladığı açıqlamada qərarı “özünün böyük qələbəsi” adlandırıb:
“Bu iş, biznes dünyasında heç vaxt görünməmiş siyasi cadugər ovunun bir hissəsi idi. Onlar prezident seçkilərinə müdaxilə etmək üçün qanunsuz şəkildə elə göstərməyə çalışırdılar ki, guya mən səhv iş görmüşəm. Halbuki mənim etdiyim hər şey tamamilə düzgün, hətta mükəmməl idi”, – deyə o bildirib.