Strimer canlı yayım zamanı VƏFAT EDİB
Fransada məşhur strimer Jean Pormanove (əsl adı Raphaël Graven) ifrat çağırışlardan ibarət uzunmüddətli canlı yayım zamanı dünyasını dəyişib. Hadisə ilə bağlı Nitsa prokurorluğu təhqiqat başladıb və yarılma təyin edilib.
Ajans.az CNN-ə istiandən xəbər verir ki,46 yaşlı Pormanove, internetdə “JP” adı ilə tanınırdı və Kick platformasında Fransanın ən böyük yayımçılarından biri idi. O, hərbi veteran olmaqla yanaşı, video oyun yayımı və ekstremal çağırışları ilə bir milyondan çox izləyici toplamışdı.
Məlumata görə, Pormanove demək olar ki, 12 gün davam edən canlı yayımda təhqiramiz və alçaldıcı davranışlara məruz qalıb. Son kadrların birində izləyicilər onun hərəkətsiz qaldığını görüb və vəziyyəti digər iştirakçılara çatdırmaq üçün pul ianələri göndəriblər. Onun son yayımları təxminən 36 min avro gəlir gətirib.
Keçmiş yayım videolarında Pormanove tez-tez zarafatların, fiziki hücumların və alçaldıcı səhnələrin hədəfi olub. Strimerin dostları və həmkarları ilə birgə yayımlarda peyntbolla vurulduğu, su ilə isladıldığı və müxtəlif riskli situasiyalara məruz qaldığı görünür.
Vəkillərin açıqlamalarına görə, Pormanove ürək-damar problemlərindən əziyyət çəkirdi və tez-tez dərman qəbul edirdi. Onun anası isə yayımlardan birində oğlunun pis rəftara məruz qaldığını tənqid edib.
Kick platforması CNN-ə açıqlamasında hadisə ilə bağlı araşdırma aparıldığını və yayımlarda iştirak edənlərin hamısına qadağa qoyulduğunu bildirib.
Fransanın Süni İntellekt və Rəqəmsal Məsələlər üzrə Dövlət Katibi Klara Çappaz isə hadisəni pisləyərək deyib:
“Jean Pormanovenin ölümü və onun məruz qaldığı zorakılıq tamamilə dəhşətdir. O, aylarla alçaldıldı və pis rəftara məruz qaldı.”
Hazırda istintaq davam edir və səlahiyyətlilər Pormanovenin ölümünə səbəb olan şəraitlə bağlı dəqiq məlumat açıqlamayıblar.