FTB-yə sendviç atan şəxs həbs edildi
ABŞ Ədliyyə Departamentinin (DOJ) əməkdaşı Şon Çarlz Dann Vaşinqtonda ezam olunmuş federal agentə “Subway” sendviçi atdığına görə həbs edilib.
Ajans.az BBC-ə istinadən xəbər verir ki,hadisənin görüntüləri yayıldıqdan sonra o, işdən azad olunub və ağır cinayətdə ittiham olunur.
İttiham sənədlərinə görə, Dann bazar günü Gömrük və Sərhəd Patrulunun (CBP) əməkdaşına bükülmüş sendviç atıb, ardınca isə qaçmağa çalışıb. Onun agentlərə “faşist” deyərək təhqiramiz ifadələr işlətdiyi bildirilir.
Həbsdən sonra ifadə verən Dann hadisəni etiraf edib. ABŞ Baş prokuroru Pam Bondi sosial şəbəkədə “O, artıq DOJ-da işləmir və ağır cinayətdə ittiham olunur” açıqlamasını verib.
Məhkəmə sənədlərinə əsasən, şübhəli günahı sübuta yetiriləcəyi təqdirdə səkkiz ilə qədər azadlıqdan məhrum edilə bilər. Rəsmilər hadisə zamanı agentin xəsarət alıb-almadığını açıqlamayıb.
Federal qüvvələrin Vaşinqtonda yerləşdirilməsi son günlər şəhərdə etirazlara səbəb olub.