Hücum nəticəsində beş jurnalist həlak olub
İsrailin Qəzza şəhərində, Əl-Şifa xəstəxanası yaxınlığında həyata keçirdiyi hava zərbəsi nəticəsində “Əl-Cəzirə” telekanalının beş əməkdaşı öldürülüb. Həlak olanlar arasında müxbirlər Ənəs əl-Şərif və Məhəmməd Qreiqeh, operatorlar İbrahim Zaher, Məhəmməd Noufəl və Moamen Aliva yer alır. Onlar hadisə zamanı xəstəxananın əsas girişində, jurnalistlər üçün qurulmuş çadırda olublar.
Ajans.az “Əl-Cəzirə” istinadən xəbər veir ki,zərbə ümumilikdə yeddi nəfərin ölümünə səbəb olub. Telekanal əvvəlcə dörd əməkdaşının öldüyünü bildirsə də, bir neçə saat sonra bu rəqəm beşə yüksəldilib.
“Əl-Cəzirə”nin idarəedici redaktoru Mohamed Moawad BBC-yə açıqlamasında əl-Şərifin Qəzza zolağında baş verənləri işıqlandıran “yeganə akkreditə olunmuş səs” olduğunu vurğulayıb:
“Onlar öz çadırlarında hədəfə alındılar, cəbhə xəttindən gizlənmirdilər. İsrail hökuməti Qəzza daxilindəki reportajların qarşısını almağa çalışır”.
CPJ (Jurnalistləri Müdafiə Komitəsi) rəhbəri Jodie Ginsberg isə bildirib ki, İsrail rəsmiləri jurnalistlərin terrorçu olduqlarına dair inandırıcı sübut təqdim etməyiblər.
Bu, İDF-nin HƏMAS-a bağlı olduğunu iddia etdiyi “Əl-Cəzirə” əməkdaşlarını hədəfə alması ilk hadisə deyil. 2023-cü ilin avqustunda telekanalın müxbiri Ismael Al-Ghoul avtomobilində olarkən hava zərbəsi nəticəsində öldürülmüş, “Əl-Cəzirə” həmin iddiaları rədd etmişdi.
CPJ-nin məlumatına görə, İsrailin 2023-cü ilin oktyabrında Qəzzaya hərbi əməliyyatlara başlamasından bəri bölgədə azı 186 jurnalist həlak olub. Qəzzada qalan jurnalistlər isə həm davamlı bombardman, həm də aclıq təhlükəsi ilə üz-üzədir.
BMT və beynəlxalq yardım təşkilatları bölgədə kütləvi aclıq təhlükəsi barədə dəfələrlə xəbərdarlıq ediblər. İsrail isə yardımların girişinə məhdudiyyətləri HƏMAS-ın təbliğatına qarşı tədbir kimi əsaslandırır.
İsrail, HƏMAS-ın 2023-cü il 7 oktyabrda ölkənin cənubuna hücumuna cavab olaraq Qəzzada əməliyyatlara başlayıb. Həmin hücumda təxminən 1 200 nəfər ölüb, 251 nəfər girov götürülüb. Qəzzada HƏMAS-ın idarə etdiyi Səhiyyə Nazirliyinin məlumatına görə, əməliyyatların başlanmasından bəri bölgədə 61 mindən çox insan həlak olub.