Reklam resmi
Reklam resmi

Ekvadorda atışma: 8 ölü, 3 yaralı

Ekvadorda atışma: 8 ölü, 3 yaralı
Dünya

Ekvadorda gecə klubunda baş verən silahlı hücum nəticəsində 8 nəfər ölüb, 3 nəfər yaralanıb. Polis hadisənin bazar günü səhər saatlarında Quayas sahil əyalətinin Santa Lucia şəhərində qeydə alındığını bildirib.

Ajans.az BBC-ə istinadən xəbər verir ki,hadisə yerinə çağırılan polis əməkdaşları ilkin olaraq 7 nəfərin öldüyünü müəyyən edib. Daha bir nəfər isə xəstəxanada həyatını itirib. Atışmanın motivi hələlik məlum deyil.

Santa Lucia hazırda dəstə zorakılığının qarşısını almaq üçün fövqəladə vəziyyət tətbiq edilən dörd əyalətdən birində yerləşir. AFP və yerli KİV-lərin məlumatına görə, ölənlər arasında gecə klubunun sahibi – Santa Lucia meri Ubaldo Urquizonun qardaşı da var. Şəhər rəhbərliyi sosial şəbəkədə merə başsağlığı verərək ailəsinə güc və səbr diləyib.

Bu hadisə son aylar Quayas əyalətində baş verən bir sıra qanlı hücumların davamıdır. İyulun 19-da bilardo zalında 9 nəfər, iyulun 27-də isə barda 17 nəfər güllələnmişdi.

Ekvador prezidenti Daniel Noboa 2024-cü ilin yanvarında dəstə cinayətlərinə qarşı “müharibə” elan etsə də, hərbi mövcudluğun artırılmasına baxmayaraq zorakılıq səngiməyib. Rəsmi məlumatlara görə, 2025-ci ilin yanvar-may aylarında ölkədə 4 051 qətl hadisəsi qeydə alınıb.

Hökumətin açıqlamasına görə, Ekvador limanlarından dünyada istehsal olunan kokainin təxminən 70 faizi tranzit keçir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Ekvador atışma Quayas

Digər Xəbərlər