ABŞ viza üçün 15.000 dollar depozit tələb edə bilər
ABŞ hökuməti bəzi ölkələrdən gələn xarici vətəndaşlardan turist və ya biznes vizası üçün müraciət zamanı 15.000 ABŞ dollarına qədər depozit tələb edə bilər.
Ajans.az xəbər verir ki,bu barədə ABŞ Dövlət Departamentinin dərc etdiyi bildirişdə məlumat verilir.
Qeyd olunur ki,12 aylıq proqram viza müddətinin uzadılması hallarını və yoxlanış məlumatlarının çatışmazlığı olan ölkələrdən gələn müraciətçilərlə bağlı riski azaltmaq məqsədi daşıyır. Pilot proqramın konkret olaraq hansı ölkələri əhatə etdiyi açıqlanmayıb.
Yeni qayda ABŞ administrasiyasının immiqrasiyaya qarşı sərt siyasətinin bir hissəsidir. Prezident Donald Trampın rəhbərliyi dövründə qeyri-qanuni miqrasiyanın qarşısını almaq məqsədilə bir sıra sərt addımlar atılıb. Tramp prezidentliyinin ikinci müddətinə başladığı ilk gün bu istiqamətdə yeni sərəncamlar imzalayıb.
Dövlət Departamentinin açıqlamasına görə, viza üçün müraciət edən və yüksək viza müddəti pozuntusu göstəricilərinə malik olan ölkələrin vətəndaşlarından konsulluq əməkdaşları tərəfindən 15.000 dollara qədər depozit tələb oluna bilər. Bu depozit vizanın verilməsi üçün şərt kimi qoyula bilər.
Tramp administrasiyası həmçinin bəzi humanitar proqramları ləğv edib və bir sıra ölkələrin vətəndaşlarına ABŞ-a girişə qadağa qoyub. Ümumilikdə 12 ölkənin vətəndaşlarına səyahət yasağı tətbiq edilib, əlavə olaraq daha yeddi ölkəyə qismən məhdudiyyətlər qoyulub.
Həmçinin, yüzlərlə beynəlxalq tələbənin vizası ləğv edilib və bir çoxu ABŞ kollec kampuslarında xəbərdarlıq edilmədən saxlanılıb. Dövlət Departamenti bu tədbirlərin ABŞ-ın milli maraqlarına zidd fəaliyyət göstərən şəxslərə qarşı yönəldiyini bildirib. Bu şəxslərin bir qismi Fələstin tərəfdarı fəaliyyətlərdə iştirak edənlər olub.
İmmiqrasiya hüquqşünasları bildirirlər ki, bəzi hallarda viza ləğvləri cinayət keçmişi olan şəxslərlə və ya nisbətən yüngül hüquq pozuntuları – məsələn, sürət həddinin aşılması – ilə də əlaqəli olub.