Neft sektoru BMT sanksiyalarına hazırdır
Neft sektoru BMT sanksiyalarının mümkün geri dönüşünə hazırdır.
Ajans.az xəbər verir ki, bazar günü jurnalistlərə açıqlama verən Paknejad bildirib ki, İran neft sektoruna, o cümlədən ixracata, investisiyalara və avadanlıq idxalına təsir göstərə biləcək BMT sanksiyalarının mümkün təsirlərinə hazırdır, – bu barədə Press TV məlumat yayıb.
O, bu açıqlamanı Britaniya, Fransa və Almaniyanın İranla dünya gücləri arasında 2015-ci ildə imzalanmış nüvə sazişi çərçivəsində tətikləyə biləcəyi “snapback” mexanizmi ilə bağlı hədələrinin fonunda verib. Bu addım, Tehranın qarşıdakı aylarda nüvə proqramı üzrə yeni razılaşmaya gəlməyəcəyi təqdirdə, müzakirə mövzusudur.
Bu mexanizmin işə salınması halında, 2006–2010-cu illərdə İranın BMT-nin nüvə qaydalarına guya əməl etməməsi səbəbilə qəbul olunmuş altı BMT qətnaməsi yenidən qüvvəyə minə bilər.
Mütəxəssislər bildirirlər ki, bu sanksiyalar birbaşa İranın neft sektorunu hədəf almadığı üçün, onların İranın beynəlxalq bazarlara neft tədarük imkanlarına ciddi təsiri olmayacaq.
Lakin eyni zamanda, bu sanksiyalar İranın neftlə bağlı maliyyə əməliyyatlarını, xüsusilə də son illərdə ABŞ sanksiyaları dövründə İran neftinin ən böyük alıcısı olmuş Çinlə əlaqələri çətinləşdirə bilər.
İranın Neft, Qaz və Neft-Kimya Məhsulları İxracatçıları İttifaqının yüksək vəzifəli üzvü Həmid Hüseyni ILNA xəbər agentliyinə bildirib ki, snapback mexanizmi çərçivəsində BMT sanksiyalarının bərpası İran neft tankerlərinin və onların beynəlxalq sulardakı hərəkətlərinin daha ciddi nəzarətə alınmasına səbəb ola bilər.
Hüseyni əlavə edib ki, bu sanksiyalar Çin tərəfini İran nefti üçün əlavə endirimlər tələb etməyə vadar edə bilər və Pekin İrandan neft satışından əldə olunan vəsaitlərlə bağlı qaydalarını daha da sərtləşdirə bilər.